“Nəhayət 44 günlük müharibədən sonra sərhəddimizdə yaranmış nəzarətsiz keçid qapandı. Bu əməliyyat iki il yarım davam edən ardıcıl və səmərəli siyasətin məntiqi nəticəsidir. Birmənalı olaraq Azərbaycan müharibənin qalibidir və Ermənistan təslimolma sənəddini imzalayaraq üzərinə öhdəliklər götürüb”...
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Vasif Əfəndi danışıb. Onun sözlərinə görə, ötən müddət ərzində prosesin ləngidilməsinə səbəb sasən təhrikçi ölkələrin Ermənistanı qaza gətirməsi olub. Lakin sözdə “qorxma biz səninləyik” deyən Ermənistanın “dostları” əməli olaraq özlərini kənar çəkdilər.
Vasif ƏfəndiPolitoloqun fikrincə, Ermənistan kənardan döyüşən canlıq qüvvə arzu etsə də indiki zamanda heç bir dövlət vətəndaşını ölkəsindən kənarda döyüşə göndərməyə həvəsli deyil, çünki, həyatını itirilən hər vətəndaş üçün təzminat ödməkdən savayı mənəvi cavabdehlik daşımalıdır. Ermənistan 44 günlük savaşda çox sayda canlı qüvvə itirməklə yanaşı həm də onminlərlə şikəst qazandı.
“Açığını desək, bu gün Ermənistan döyüşə girmək üçün canlı qüvvə toplamaq iqtidarında deyil. Görünür artıq beynəlxalq qüvvələr bu reallığı dərk etməyə başlayıblar. ABŞ, Fransa, və Rusiyanın son olaylarla bağlı dilucu bəyanatları da ötüb keçəcək. Ən azından Ukrayna ilə müqayisə etsək, anoloji vəziyyət orada da baş verir. ABŞ və Avropa İttifaqının bizi günahlandırmağa qalxması onların Krım və şərqi Ukraynanın işğalı ilə bağlı reaksiyasına uyğun gəlməz”,- deyə politoloq qeyd edib. O, bildirib ki, 30 il davam edən təhqiramiz işğala dözən Azərbaycanın Qarabağda bütün haqlara sahib olmaq hüququ var. Bu hadisə isə, Ermənistan üçün ən sonuncu xəbərdarlıqdır.
Politoloqun fikrincə, növbəti addım noyabr sazişində nəzərdə tutulan Zəngəzur dəhlizinin açılmasıdır.
“Ermənistan bundan sonra təhlükəsiz və əmin-amanlıq şəraitində yaşamaq, inkişaf etmək və mövcud olmaq istəyirsə, qonşu ölkələrə qarşı ərazi iddialarından birdəfəlik əl çəkməlidir. Ermənistan ərazi bütövlüyümüzü tanıyaraq sülh sazişi imzalamalıdır. Əgər sülh sazişinə hər hansı şərt qoymağa çalışarsa, bu da artıq sülh sazişi yox, növbəti qarşıdurmaya çağırış olacaq ki, nəticəsi Ermənistan üçün arzuolunmaz olaylarla bitəcək” - deyə Vasif Əfəndi əlavə edib.
İradə Cəlil, Bizimyol.info






