Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan arzularının əsiridir…
Paşinyan arzularının əsiridir…

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün çıxışı zamanı müəyyən fikirlər söyləyib. Paşinyan etiraf edir ki, Ermənistanın regional əlaqələrimizi tənzimləmək və inkişaf etdirmək iradə və imkanı yoxdur. Sitat: “Bizim regional əlaqələrimizi tənzimləmək və inkişaf etdirmək iradəmiz və imkanımız varmı? Üstəlik, ətrafımızdakı təhlükəsizlik təhdidlərinin region üçün daha da şiddətləndiyi bir halda? Bütün çətinlikləri dərk edən hökumətimiz bu suala müsbət cavab tapmaq yolu ilə getməyə qərar verdi, çünki yalnız bu yol təhlükəsizliyin və rifahın təminatı ola bilər”.

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında deyir ki, Nikol Paşinyanın regionda sülh və sabitliklə bağlı fikirləri bir az əslində bir tərəfdən qəribə gəlir, bir tərəfdən də təbii bir proses kimi görünür.

Samir Hümbətov Samir Hümbətov

“Qəribə gəlir ona görə ki, Paşinyan dövlətin tam nəzarətini əlində saxlaya bilmir. Biz bunu zaman-zaman görürük. Çünki biz görmüşük ki, Paşinyan sülhdən danışmağa başlayan kimi, bir neçə saat sonra onu məcbur edirlər ki, öz sözünü təkzib etsin və yaxudakı Paşinyan burdan sülhdən danışır, digər tərəfdən ordu Azərbaycanla toqquşmaya girir, hərbi təxribatlar törədir və s. Və yaxud ölkə daxilində qeyri-stabil bir vəziyyət yaranır”-deyə Samir Hümbətov qeyd edib.

Politoloqun fikrincə, Paşinyan eyni zamanda bölgəyə sülh və stabilliyin gətirilməsinin önəmli olduğunu anlayır. Onu da bilir ki, bunu Ermənistan bacarmırsa, Azərbaycan edəcək. Azərbaycan İkinci Qarabağ savaşında bunu açıq şəkildə sübut edib. Azərbaycan sübut edib ki, Ermənistan öz iradəsinə güc gələ bilmirsə, bunu Azərbaycan edəcək.

“Məsələn belə deyək, Ermənistan düşünmürsə ki, “biz Azərbaycan ərazisini işğal eləmişik, çıxmalıyıq burdan”. Bunu bacarmırsa, biz edəcəyik. Beynəlxalq ictimaiyyət basqı etsə də, xeyri yoxdur. Azərbaycan bunu edəcək. Bununla yanaşı Ermənistanın iqtisadi resursları da, siyasi resursları da buna imkan vermir. Eyni zamanda təhlükəsizlik baxımından da imkanı çatmır. Bundan başqa Ermənistanda hakimiyyətdə monolitlik yoxdu. Ən böyük problem də burdan başlayır. Yəni bunu Paşinyan özü başa düşür, fərqindədir”-deyə politoloq bildirib.

Samir Hümbətov hesab edir ki, Ermənistan rəhbərliyi, yəni Paşinyan admistirasiyası, şəxsən Paşinyan özü Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılmasında maraqlı ola bilər. O, bunu çıxışlarında da bildirir. Amma o, çıxış edəndə və bir göstəriş verən kimi ona böyük təzyiqlər olur. Bu təzyiqlər region dövlətlərindən, yəni müxtəlif dövlətlərdən güc mərkəzlərindən və daxildən olur. O da bu təzyiqlərin qarşısında məcbur olub, geriyə addım atır.

“Yəni bu proses baş verir. Bu səbəbdən də bu gün Paşinyanın təhlükəsizliklə, inkişafla bağlı hər hansı bir fikir səsləndirməsi əslində onun arzularını ifadə edir. Amma reallığı əks etdirə bilmir. O, bunu sona qədər bacara bilmir”,- deyə politoloq fikrini yekunlaşdırıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »