Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səksəkəli qalibiyyət, təntənəli məğlubiyyət
Səksəkəli qalibiyyət, təntənəli məğlubiyyət

Epiqraf:

Dediyim kimi: Dünyada söz yiyəsi olanlar sözünün yiyəsi deyil.

...Oruc tutmaq hər dində var. Hərədə bir formada, bir biçimdə. İnsanın öz nəfsi ilə savaşı bütün zamanlara, bütün toplumlara xasdır, bu, tək elə İslamın olayı deyil ki. Ancaq heç bir din ayrılıqda və bütün dinlər hmısı (öz təriqətləri ilə birlikdə) müharibələrə qalib gələ bilməyib.

Nədənsə biz nəfsə qalib gəlməyi ancaq kasıblardan və dini inancı olanlardan gözləyirik. İnanc isə təkcə dindən qaynaqlı deyil. Elm də inancdır. Biz istədik müsqtəqil dövlətimiz olsun; bunun üçün vuruşduq, vurulduq. Milli dövlətçilik fikri özü də inancdır. Hətta cəhalətin özü də. Adamlar bəzən nəyə və kimə inanacaqlarını bilmirlər, nəyə və kimə gəldi inanırlar. Ya da heç nəyə inanmadıqlarına inanırlar.

Amma və lakin...

Ağzı dualı möminin də özünəxas nəfs təsəvvürü var, əqidəli ateistin də, dini eretikin də. Hamının. Ancaq insanlığın ən dağıdıcı icadı olan müharibəni kim dayandıra bilib?! Müharibə ən günahkar nəfs deyilmi ki?! Bəli, elədir. Antik dövrdə də elə olub, orta çağda da eləydi. İndi də dəyişən bir şey yox!

Günter Qrass müharibəni “qanlı əyləncə” adlandırmışdı. Heminquey isə demişdi ki, müharibə - ondan qazananlar doyanda və ya tərəflərdən məğlub olanda bitir.

Məni də ən çox düşündürən budur: müharibə boyda nəfsinə uduzub yerlərdə sürünən insan bir ay yeməsin-içməsin, nə yazar?! Axı bu müharibə dediyin şey fağır insanlar üçün faciə, harın adamlar üçün əyləncə deməkdirsə, sən də Hüseyn Cavidin dediyi kimi, “bu həyasızca axın”ın içində axıb sürüklənirsənsə, gündə on dörd saat yox, lap iyirmi dörd saat ac qal, nəyi dəyişdin?! Hanı?!

Dini inanc dediniz və başqa çox şeylər. Qoluzorlu zülm dövlətləri və transmilli ölüm şirkətləri ən öldürücü silah icadlarına cəsarət edəndə, din, sadəcə, səcdəyə oturub gündə bir neçə dəfə ibadət edirdi... Din əlini göyə açanda elm göydən intiharçı dronlar yağdırdı.

Və əgər din adına ruhumuzu təslim almış şanlı inancların enerjisi “qanlı əyləncə”ləri dayandırmağa yetmirsə... Mən hələ o ən öldürücü sənayenin modern məhsullarını ələ keçirib din adından ayrı-ayrı millətlərə, bütöv bəşəriyyətə qarşı silah qaldıranları demirəm. “Qanlı əyləncə”lərə yaşıl bayrağın kölgəsində müqəddəs savaş görüntüsü, inanc süsü verib yaşıl işıq yandıranları heç demirəm...

Bax, elə bizim sərhədlərimizin yaxınlığında əzələ oynadanlar da İslamı istismar edirlər. Hələ ki ərazi bütövlüyümüzə, sadəcə, təhdid sovururlar. Ancaq “müqəddəs” dediyimiz bayramın namazı ilə əhali bütövlüyümüzü "silkələyirlər”. Yeddidən yetmişə hər kəs Ramazan deyib bayramlaşanda, dini inanclılar namaza oturanda, o bölücü məzhəb möhtəkirləri göydə Ayın quyruğunu axtarırdılar.

Di gəl, bizim bir də hələ bitməmiş-bitirilməmiş bir savaşımız var. Qarabağın qara baxtı tam ağarmayıb; qaramsal bir yanı hələ qalır.

Biz qonşulardan sülh gözləyərkən onlar bizə müharibə şousu “göstərir”. Biz inandığımız İslamdan barış umarkən biriləri elə İslamın öz adından bizə savaş “vəd edir”. Alnındakı İslam möhürünü qardaş, dindaş qırğınınının fərmanına basanları “Allah adamı” adlandırmayın, siz Allah!

Kimsə Arazın o tayında özünə “ağa” axtara bilər, kimsə Arazın bu tayında özünə qul tapa bilər. Bunun adına nə deyirsinizsə-deyin, bircə din qardaşlığı deməyin.

...Bəli, biz Şimaldan və Cənubdan iki məngənə arasında sıxışmışıq. Şimal-Cənub dəhlizini dinc qalxınma yolu deyil, müharibə logistikası kimi anlayanlardan söhbət gedir.

Bir əsrdə başımıza iki müharibə açanlar bir sülh bağlamağa imkan vermirlər.

Biz sanki qalib gəlmişik, ancaq qarşı tərəf özünü məğlub kimi aparmır. Biz savaşı bitirmək adına döyüşə-döyüşə dağlara qalxdıq, amma “barışmaz sülh”ün burulğanına düşdük. " Kapitulyant" dediyimiz o süni dövlət bir yandan sərhəd dağlarında əsgərimizi şəhid edir, əsir edir, məhkum edir, o bir yandan da Bakıya “sülh göyərçini” uçurur.

Nədir bu yaşadıqlarımız axı?! İsmini nə qoyaq?! Bu, hansı qəddar isimlərin hansı eybəcər sifətlərlə bizə sırıdığı feillərdir belə?!

Sanki davakar keçmiş arxada qalıb. Ancaq reallıq başqadır: adına dinc gələcək dediyimiz o optimist perspektiv qarşı tərəfdəki ürkək siyasətçilərin zəvzək sülh diplomatiyası ilə gerizəkalı generalların artilleriya riyaziyyatı arasında "vurnuxur".

Düzünə qalsa, düşündüyümüz kimi sülh də heç vaxt olmayıb; ötən yüz ildə elə təkcə iki Cahan Savaşına şahidlik etmiş dünya ədəbiyyatı və tarixi heç bir müqavilədən sülh gözləməyib. Qaldırılan hər ağ bayraqdan sonra yüksək Sənət də sülhün sabahına ehtiyatla boylanıb; yeni “qanlı əyləncə” təhlükəsindən şübhələnərək bəşəriyyətə sual verib: doğrudanmı müharibə(lər) daha olmayacaq?!

Haqsız da deyildi. Sülh müqaviləsi ilə bitən hər savaşın sonunda, bəli, müqavilə vardı, ancaq sülh olmadı. Hər müharibədən sonra yorğun bəşəriyyət hər solğun müqavilədən dolğun sülh gözlədi, ancaq hər dəfə də yeni müharibə aldı.

Çox qarışıq Dünyayıq artıq; bir zamanlar rus silahı ukraynalıların əlində Ukrayna torpağında almanlara qarşı döyüşürdü, indi alman silahı elə həmin Ukrayna torpaqlarında Ukraynalıların əlində ruslara qarşı vuruşur. O diz çökən Berlin, qazanılan qələbə, imzalanan sülh, hətta təslim aktı, Zəfər paradı-filan nə idi, axı nə?! Ya da bəs o dağılan Şər imperiyası?! Qələbə kiminkiydi, kimin oldu! Bunu gözardı etməyək. Ayıq olmaq yetməz, biz çox sayıq olacağıq. Yoxsa bizi sülh laylası ilə uyudub qələbələrimizi oğurlamaq həvəsində olanlar nə çox!

Bax, biz özümüz də qazandığımız qələbələrə düşmən tərəfin kapitulyasiyası kimi baxırıq. Ancaq qarşı tərəf o sənədə qarşıdan baxır. Yan baxır. Hətta çox zaman heç baxmır da. Onda yaşadıqlarımıza nə ad verək?!

Bəlkə kimsə bu duruma bizim üçün “səksəkəli qalibiyyət” deyər, kimsə qarşı tərəf üçün “təntənəli məğlubiyyət” deyər... "Qəti qələbə” deyə bilən varsa da, bilmirəm. Amma mən “qələbələr” deyirəm.

Mənim fikrimcə, ayrı-ayrı qələbələr var; geri aldığımız hər şəhər, hər kənd, hər təpə... bir qələbədir. Son qələbə Xankəndində olacaq və sülh müqaviləsi ilə bitəcək.

Qarabağdakı o naşükür-nankor asilərə elə beləcə də dedik: bizimlə birlikdə - bayrağımızın altında yaşamaq istəyənlərdən ötrü açıq qoyduğumuz qapı var, bayrağımızı tanımayana isə... o bayrağın sapı var. Burda üçüncü yol yoxdur.

Çünki Qarabağ bizim ərazi bütövlüyümüz deyil, sadəcə. Qarabağ bizim bütövlüyümüzün ərazisidir. Hər mənada. Qarabağdakı ərazi bütövlüyümüzün, əhali bütövlüyümüzün müqaviləsində buna görə israr edirik və etməliyik də.

Hə, deyərsiniz ki, bəlkə bu da eləcə müqavilə olacaq, sülh yox. Hə, bir ehtimal...

Biz isə... Yox, yox əsla!

Biz bir dəfəlik sülh istəmirik, birdəfəlik sülh istəyirik.

Bunun da prinsipləri nədirsə, ortaya qoymuşuq. Ancaq adekvat qarşılıq hələ gəlmədi. Bəxtimizə düşən düşmən(lər) də adekvat deyil. Elə təkcə onu deyim: biz özümüzü qalib saya-saya “prinsiplər” deyirik, qarşı tərəf məğlub ola-ola hansısa “şərtlər”dən danışır.

Bəli, ola bilsin ki, Ermənistan özü üçün əlverişli sülh şərtlərindən danışa-danışa, əslində özü üçün əlverişli müharibə şərtləri axtarır. Ancaq biz müharibə gözləyə-gözləyə sülh axtarırırq. Budur bizim duruşumuz.

İstədiyimiz şey - bu bölgədə müharibəyə... qalib gəlməkdir, ancaq bizi sülhə... məğlub etmək istəyənlər var. Müharibəni yarımçıq saxlatdıranlar sülhü də alayarımçıq bağlatdırırsa... Buna gedəcəyikmi?! Mümkünsüz!

...Yenə əvvəldəki bəşəri mətləbə qayıdıram: müharibələrə qalib gəlmək üçün təkcə mədə niyyətli olmaq – aclıq-toxluq qovğası yetməz. Nəfsi yenmək sülh mədəniyyətidir. Hər yerdə sülh. Ən birinci də elə ölkə içində sülh. Bir çoxlarını gördük, bəli. Bir ay oruc tutur, amma bütün on iki ay Şərin xidmətindədir. Bax, belə bir orucu mənim tanıdığım-bildiyim Allah, şübhəsiz ki, heç vaxt qəbul etməz...

Bir yandan guya günahdan arınmaq görüntüsü ilə oruc tut, xalqını xamla, o biri yandan günahsızı tut, damla, sahursuz-iftarsız ölüm aclığına oturt. Ya da məktəb yaşlı qız uşaqlarına bayram şəkəri əvəzinə ölümcül zəhər payla...

Yox, dostum! Orucdursa, onu hər kəs hər yerdə hər gün hər cür harama və günaha qarşı tutacaq. Yoxsa bir ay orucu tut, on bir ay özünü burax. Otuz gün haqqa əyil, üç yüz otuz gün nahaqqa! Və geriyə qalan vaxtda da de ki: "Dünya beş günlükdür".

Oldumu yəni?! Bu nədir, nə?!

...Taladığın yetim malından yesirə fitrə-zəkat verirsən...

Nə iş, atam-qardaşım?!

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »