Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın itkin düşməsi və 47 gün sonra bu kənddə yandırılmış meyitin tapılmasından üç il keçir. Bu cinayəti törətməkdə ittiham olunan İlkin Süleymanovla bağlı il yarımdır ki, məhkəmə araşdırmaları gedir. Hər məhkəmə iclası keçirildikcə də bu işdəki ziddiyyətlər, müəmmalar da artır, dərinləşir.
Bizimyol.info xəbər verir ki, bu məsələyə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim dadaş İmanovun sədrliyilə baxılır. Dekabrın 7-də keçirilən məhkəmə iclasında İlkin Süleymanovun vəkilləri Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisi Kamal Qılıcov, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirov və bu cinayət işi üzrə istintaqı aparmış müstəntiq Nadir Mirzəyevin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb. Vəkillərdən Zabil Qəhrəmanov vəsatəti belə əsaslandırıb:
“Cinayət işində müstəntiqin Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirova məktubu var ki, İlkin Süleymanovun telefonu tədqiq olunması üçün ona təqdim olunur. Arzu Daşdəmirovun mütəxəssis kimi bu sahədə hansı bilikləri var? Tədqiqatın nəticəsi nə olub? Telefon maddi sübutdur, niyə ona təqdim olunmalıydı? Məhkəmədə məlum oldu ki, İlkin Süleymanovun telefonuna müdaxilə olunub. O, 8 yanvar 2020-ci ildə müstəntiqə ifadə verdiyi halda, onun telefonunda parnoqrafik materiallara baxılıb. Kim edib bunu? Bunun cavabı verilməlidir”.
Vəkil Kamal Qılıcovun məhkəmədə dindirilməsi zərurətinə də aydınlıq gətirib. Bu məhkəmə prosesi başlayandan bu yana dəfələrlə onun adı hallanıb. Əlavə səbəbi isə vəkil belə əsaslandırıb: “Məhkəmədə İlkin Süleymanov hadisə yerində dindirilərkən lentə alınmış görüntülərə baxıldı. Orada Kamal Qılıcov yaxınlaşıb müstəntiqə nəsə deyir, sonra müstəntiq hansısa addım atır. Kamal Qılıcov istintaq qrupunun üzvü deyil, hansı statusla bunu eləyir, təzyiq göstərir?”
Müdafiəçilər həmçinin “Azad Azərbaycan” telekanalının (ATV) aparıcısı Zaur Baxşəliyevin məhkəmədə dindirilməsi məsələsini bir daha qaldırıblar. Çünki ekspertizanın rəyi məlum olmadan - yanmış meyit tapılandan bir gün sonra Zaur Baxşəliyev efirdən səsləndirmişdi ki, baş nahiyəsinə dəmir parçasıyla 5 zərbə endirilib, həm də 5 gün öncədən öldürülüb:
“Birincisi, rəydə dəmir yox, daşla vurulmadan söhbət gedir. İkincisi, fevralda verilmiş rəyi, yanvarın 8-də Zaur Bəxşəliyevə kim demişdi?”
Nərminin Şərif Quliyev bildirib ki, Zaur Baxşəliyev yanvarın 7-də onunla telefonla əlaqə saxlayıb, məlumatları aparıcıya o verib. Vəkillər isə bununla razılaşmayıb: “Yaxşı, bəs onda sən hardan bilirdin? İkincisi, aparıcı sənə istinad eləmir, Patoloji Anatomiya Birliyinə istinad edir?”
Lakin hakimlər Zaur Baxşəliyevi çağırıb dindirməyə razılıq verməyib.
Generalların çağırılıb dindirilib-dindirilməməsi məsələsilə bağlı isə hakimlər yekun qərar verməyib.
2020-ci il yanvarın 6-da yanmış meyit tapılandan az sonra – yanvarın 8-də İlkin Süleymanovun yaşadığı evə baxış keçirilsə də, oradan heç bir sübut aşkarlanmayıb. Bunu da vəkil dekabrın 7-də məhkəmədə deyib. Vəkilin sözlərinə görə, iş materiallarında bu haqda protokol var. Lakin yanvarın 10-da yenidən baxış keçirilən zaman Süleymanovların həyətində giriş qapısının yaxınlığında divardan II qrupa aid qan ləkəsi tapıldığı iddia olunur.
Məhkəmədə İlkin Süleymanovun əmisi oğlu, qonşuluqda yaşayan Murad Süleymanov bildirmişdi ki, yanvarın 8-dən 9-na keçən gecə Tovuz rayon Polis İdarəsinin o vaxtkı rəisi Şirzad Əsgərov və bir neçə polis əməkdaşı gecə saat 4 radələrində İlkin Süleymanovgilin həyətinə daxil olublar. O, bunun sübutu kimi, orada olan polis əməkdaşlarından birinin – Azər Məmmədovun həmin vaxt ona zəng etdiyini də demişdi.
Lakin Azər Məmmədov məhkəmədə dindiriləndə bunu təkzib etmiş, o gecə Süleymanovların evinə daxil olmadığını, həmin vaxt öz evində olduğunu bildirmişdi.
Dekabrın 7-də məhkəmədə vəkil Zabil Qəhrəmanov vəsatət qaldırıb ki, bu məsələyə aydınlıq gətirilməsini istəyib. Deyib ki, polis əməkdaşı Azər Məmmədovun yanvarın 8-dən 9-na keçən gecəyə aid telefon anten dairəsilə bağlı məlumatlar araşdırılsın: “Bu, çox vacib məsələdir. Necə olur, bir gün əvvəl o evdən heç nə tapılmır, amma polislər o evə gələndən sonra qan ləkəsi tapılır? İş materiallarında Murad Süleymanova gəlib-gedən zənglər var. Orada görünür ki, Azər Məmmədov yalan deyir, öz evində olmayıb, İlkingilin evinin yanında olub. Gecə saat 04.26-da onun orada nə işi vardı?”
Bu iş üzrə məhkəmə prosesi dekabrın 21-də davam edəcək. Növbəti məhkəmə iclaslarında ekspertiza məsələləri də araşdırılacaq. Çünki ekspertiza məsələlərilə bağlı da ziddiyyətlər var. Məsələn, meyitin üzərindən çıxamayan paltarlarla bağlı ekspertlər rəy veriblər. Amma o paltarların gedib ekspertlərin əlinə hardan düşdüyü aydın deyil. Üstəlik, ekspertlər o paltarlardan İlkin Süleymanovun paltarlarına aid liflər də “tapıblar”.
Aytən, Bizimyol.info






