Birinci Qarabağ Müharibəsində xəsarət alan, ikinci qrup əlil Müşfiq Vəliyev ölümündən sonra bəraət alıb. Məhkəmə belə nəticəyə gəlib ki, Qarabağ əlili təqsirsizdir, ona qarşı narkotik ittihamı sübuta yetirilməyib. Əksinə, onun tutulmasında rolu olan polis polkovnikinin haqqında isə xüsusi qərar çıxarılıb.
Bizimyol.info xəbər verir ki, mərhum Qarabağ qazisi haqqında bəraət hökmü oktyabrın 17-də Gəncə Ağır Cinayətlər Məhkəməsində çıxarılıb. Hökmü verən isə Xaqani Səmədovun sədrlik etdiyi hakimlər kollegiyası olub.
Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma və saxlama) maddələrilə ittiham olunan Müşfiq Vəliyevin məhkəməsi uzun müddət davam edib. Əvvəlki məhkəmə iclaslarında iştirak edən və ifadə verən Müşfiq Vəliyev bildirib ki, üstündən 6 qram marixuana və başqa narkotik maddələrin tapılması barədə ittihamda yazılanlar yalandır. O, narkotiki cibinə o zaman Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin əməliyyat müvəkkili olan Şahin Musayevin atdığını söyləyib.
Şahin Musayev bir neçə ay əvvəl Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinə rəis müavini təyin olunub.
Qarabağ əlili narkotiki üzərinə götürmək üçün təzyiqlərə məruz qaldığını bildirib. Onun sözlərinə görə, etiraf ifadəsinə imza atdırmaqla kifayətlənməyib, ondan Daxili İşlər naziri Vilayət Eyvazova Gəncə polisləri, onların humanist və ədalətli olması haqda fikirlər yazılmış məktubu göndərmək tələb edilib. Məktubun mətnini də polislər hazırlayıb, o isə imza atıb.
Müşfiq Vəliyev istintaq və məhkəmə dövründə həbsdə olmayıb, məhkəməyə də evindən gəlib-gedirdi. Ailə üzvlərinin sözlərinə görə, onun səhhətindəki problemlər kəskinləşmiş, qıcolmalar yaralanmışdı. O, 2022-ci ilin iyununda dünyasını dəyişib. Onun ölümündən sonra da işi üzrə məhkəmə araşdırmaları davam edib.
Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında polis polkovniki Şahin Musayevi çağırıb, şahid qismində dindirib. Çünki şübhəli şəxsin tutulması protokolu və başqa sənədlərdə onun adı Müşfiq Vəliyevlə bağlı əməliyyat keçirən polislərin arasında yoxdur. Lakin özü məhkəmədə dindirilərkən təsdiqləyib ki, həmin əməliyyatda iştirak edib. Lakin o, Müşfiq Vəliyevin cibinə narkotik atılması, ona təzyiq göstərilməsi haqda iddiaları rədd edib.
Məhkəmə araşdırmaları zamanı başqa ziddiyyətli hallar da üzə çıxıb. Məsələn, Müşfiq Vəliyevin saxlanması üçün Cinayət Axtarış İdarəsinin rəisi Xanlar Məmmədov Gəncə şəhər Baş Polis İdarəsinin rəisinə raport yazıb. İş materiallarından belə aydın olur ki, raport rəisə çatmamış, qeydiyyatdan keçməmiş artıq Müşfiq Vəliyevi tutub gətirirlər.
Xaqani Səmədov, Dadaş İmanov və Nural Əliyevdən ibarət hakimlər kollegiyası çoxsaylı ziddiyyətləri nəzərə alaraq, Müşfiq Vəliyevin təqsirsiz olması qənaətinə gəlib və onun haqqında bəraət hökmü çıxarıb.
Polis polkovniki Şahin Musayevlə bağlı araşdırma aparılması üçün isə onun haqqında xüsusi qərar çıxarılıb.
Aytən, Bizimyol.info






