Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 744 milyon ABŞ dolları dəyərində 55 199 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsininməlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə idxal edilən avtomobillərin dəyəri 12,7 faiz artsa da, sayı 15 faiz azalıb. Bu dövrdə idxal edilən minik avtomobillərinin sayı 51 min 55 ədəd, hibrid mühərrikli avtomobillərin sayı 8999, elektrik mühərrikli avtomobillərin sayı isə 301 ədəd təşkil edib. Bu avtomobillərin 8 min 999-u (105,4 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 301-i (10 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Başqa sözlə, minik avtomobillərinin sayı 16 faiz, hibrid avtomobillərin sayı 2,5 faiz azalsa da, ölkəyə idxal edilən elektromobillərin sayı 3,2 dəfə artıb.
"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin icracı direktoru, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ölkədə elektromobil almaq istəyən vətəndaşlar üçün Mərkəzi Bankın təklif etdiyi xüsusi güzəştlər var.
Eyyub Əliyev“O güzəştlərdən sonra - 10 faiz elektromobillərə, 20 faiz hibridlərə olan güzəştlərdən sonra avtosalonlara axın var. İnsanlar elektromobil, hibrid avtomobillərlə maraqlanırlar. Avtomaşınlar tərəfindən maarifləndirilirlər. Bu avtomobillərin həm büdcəyə uyğun olması həm ekologiyaya zərərsiz olması baxımdan avtosalonlarda artıq maarifləndirmə işləri aparılır”,- deyə Eyyub Əliyev qeyd edib.
Qiymət məsələsinə gəldikdə isə, Eyyub Əliyev bildirib ki, 2 ay əvvələ qədər bazarlarda olan elektomobillərin qiymətləri 60 min manatdan başlayırdısa, artıq avtosalonlarda 28000-dən başlayan elektromobillər görmək mümkündür.
“Həm rəsmi, həm qeyri-rəsmi avtosalonlarda yeni avtomobillərin qiymətlərindən söhbət gedir. Həm rəsmi, həm boz dilerlər tərəfindən artıq elektromobillər gətirilir. Yəqin ki, gələn ilin ilk 6 ayında artıq elektromobillərin rəsmi dilerlər tərəfindən çoxalmasını biz müşahidə edəcəyik. Çünki hazırda rəsmi dilerlər bu istiqamətdə iş aparırlar”,- deyən ekspert vurğulayıb ki, hazırda dilerlər ölkəyə ekonom və dəyəri 30-35 min manatı aşmayan avtomobillər gətirməyi planlaşdırır və bu istiqamətdə işlər aparılır.
İlahin, Bizimyol.info






