Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, 27 milyon manatlıq mənimsəmə və rüşvət almada ittiham olunan Səlim Müslümovun məhkəməsi davam edir. Sabiq nazirin işi üzrə hər məhkəmə iclasında müxtəlif istiqamətlərdə korrupsiya hallarının üstü açılır.
Bizimyol.info xəbər verir ki, oktyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş nazirin işi üzrə şahid qismində dindirilən Həbib Məmmədov bildirib ki, tikinti şirkəti var. 2015-ci ildə Qarabağ əlilləri və şəhid ailələri üçün Naftalan, Zərdab, Şamaxı, Tərtər və Qaxda ev tikilməsilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elan etdiyi tenderdə iştirak edib. Onun şirkəti tenderin qalibi olub. Amma tenderdən əvvəl nazirlikdə görüşüb, qalib olmaq üçün ondan tələb olunan şərt haqda məlumatlandırılıb. Məlum olub ki, tikiləcək hər evə görə ondan 3 min manat pul tələb olunur. Əgər bu şərtə razıdırsa, nazirlik şəhid ailələri və qazilər üçün ev tikintisini ona həvalə edəcək.
Səlim Müslümov"Nazirlikdə idarə rəisi Natiq Əzizovla görüşdüm. Ona 39 min manat pul verdim. Hər evə görə 3 min manat müəyyənləşdirilmişdi. 13 ev tikmişəm”, - Həbib Məmmədov bildirib.
Dövlət Sosial Müdafiə Fondunun Cəbrayıl şöbəsinin keçmiş müdiri Akif Məmişov da məhkəmədə dindirilib. O bildirib ki, 1994-cü ildən Dövlət Sosial Müdafiə Fondunda işləyib. 2014-cü ildən 2020-ci ilə qədər Fondun Cəbrayıl rayon şöbəsinin müdiri vəzifəsində çalışıb.
Şahidin sözlərinə görə, işlədiyi dövrdə rəhbərlik etdiyi şöbədə yoxlamalar aparılıb və pozuntular aşkarlanıb. Bundan sonra nazirliyin Daxili Nəzarət şöbəsinin müdir müavini Nizami Xanlarov onu nazirliyə çağıraraq, aşkarlanan nöqsanları ört-basdır eləmək üçün 15 min manat pul tələb edib: "Ciddi nöqsanlar deyildi. Əlilliklə bağlı pensiyaların ayrılması zamanı bəziləri işlədiklərini gizlətmişdilər. Dedim ki, 15 minə gücüm çatmaz, 10 min manat verə bilərəm. 13 min manata razılaşdı. 1115 manat maaş alırdım. İndi 62 yaşım var. İşimi itirməmək üçün verdim. Məni işdən çıxarmadılar, formal töhmət verdilər”.
Səlim Müslümovun məhkəməsi oktyabrın 24-də davam edəcək.
1961-ci il təvəllüdlü Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.
2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.
Səlim Müslümov Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham olunur. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.
Səlim Müslümov mənimsəmə və israfetmə nəticəsində dövlət büdcəsinə vurulmuş 27 milyon manatlıq ziyanın 20 milyonunu ödəyib.
Aytən, Bizimyol.info






