Ötən günlərdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən, “Whatsapp” qrupları yaradaraq onlayn lotereya təşkil edən iki nəfəri Aida Əliyeva və tanışı Pavlov Qennadiy saxlanılıb. Araşdırma zamanı məkum olub ki, bu şəxslərin kişi və qadın istifadəçiləri üçün ayrı-ayrılıqda lotereya təşkil etdikləri 2 “Whatsapp” qrupu olub. Hər iki qrupun isə birlikdə 1000-dən artıq üzvü olub. Faktlarla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb. Xatırladaq ki, bu kimi hallar ölkədə çoxdur. Ancaq aldanan vətəndaşlar məbləğ az olduğu üçün xüsusi olaraq hüquq mühafizə orqanlarına müraciət edə bilmirlər.
Bir müddət əvvəl, Sumqayıtda gözəllik salonlaırndan birində idim. Salonun sahibini tanıyan bir qadın ağız dolusu həyata keçirdiyi lotereyadn danışırdı. “Qızlar 30 manat qoyursunuz, 4 gün sonra sizə 70 manat qaytarıram. Yəni sizin 4 gündə 40 manat qazancınız olmuş olur” deyən qadın salonun işçilərini və salona gələnləri həvəsləndirməyə çalışırdı. Qadın vatsap qrupu açıb, “qurbanlarını” oraya toplayırdı. Və salondakılardan xahiş edirdi ki, hamı ona “xanım” deyə müraciət etsin. Məsələnin maraqlı tərəfi o idi ki, qadın 30 manat pulu verənlərdən ödəməni kartla həyata keçrimələrini istəyir və ödəyəcəyi məbləği də kartla ödəyirdi. Salonun sahibəsi qadının şirin dilinə aldanıb, 30 manat kartla ödədi. Daha sonra qadın salonu sahibəsindən xahiş etdi ki, ödədiyi məbləği mobil tətbiqdə screen edərək qrupa ataraq hamıya bildirsin. 2 saat sonra qadın salon sahibinə zəng vurub, bu gün uduşa onun düşdüyün və 70 manatı bu gün ödəyəcəyini dedi. Amma yenə xahiş etdi ki, gələn məbləği mobil tətbiqdə screen edib vatsap qrupuna ataraq dərin təşəkkürlərini yazsın. Mənə də 30 manat ödəyib, qazanmaq təklif edildi. Amma həyatda öyrəndiyim bir məsələ var: “Pulsuz pendir ancaq siçan tələsindədir”.
Mən onların bu oyununa qoşulmaqdan imtina etdim və qızlara hərhansı bir problem yaranarsa mənə yazmalarını xahiş etdim. Daxili İşlər Nazirliyi, belə lotereya oyunları ilə bağlı şəxsləri saxladığı zaman həmin qızlarla əlaqə saxladım. Qızlar həmin həmin qadının onları aldatdığını, ancaq məbləğ kiçik olduğu üçün şikayət etmədiklərini dedilər. Yəni bu kimi dələduzlar hamımızın qarşısına çıxa bilər. Əsas olan onlara güvənib, bu oyuna daxil olmamaqdır.
İKT mütəxəssisi Elmin Qəribov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dələduzlar bəzən vatsap qruplarına göndərilən məbləğin screeni ilə yanaşı, güya qazanılan məbləğin ödənilməsi üçün kartın fotosunu da tələb edirlər. Bu zaman isə, kart sahibinin başına gəlməyən qalmır.
“Əgər kart sizin davamlı pul yatırdığınız kartdırsa, kartınızdan pul çəkə bilər və ya həmin kart vasitəsilə ilə digər kartlarınıızın məlumatlarını əldə edə bilərlər. Bu səbəbdən də kart məlumatlarınızı heç kimə etibar etməyin”,- deyə mütəxəssis qeyd edib. Onun sözlərinə görə, ümumiyyətlə vatsap və ya digər sosial şəbəkələr vasitəsilə oynanılan oyunlar birbaşa iştirakçıların aldadılmasına hesablanıb.
“Heç kim heç kimə pul qazandıracaq qədər alicənab deyil. Bir az düşünün, siz o 4 gündə nə edirsiniz ki, 40 manat qazanmış olursunuz? Bu sualın cavabı çox sadədir”,- deyə ekspert bildirib.
Qısası, sizə heç bir addım atmadan, işləmədən pul qazanacağınızı deyən varsa, bilin ki, qazanan odur. Unutmayın ki, "pulsuz pendir siçovul tələsində olur".
İlahin, Bizimyol.info






