Havaların isti keçməsi çox zaman günvurma ilə nəticələnir. Günvurma hər yerdə, işdə, yolda, parkda, hətta həyətinizdə belə baş verə bilər. Ən çox isə, dəniz kənarında baş verir.
“Hazırda günvurma çox aktualdır. Çünki hava çox istidir və isti olduğuna görə də insanlar sərinləmək üçün dənizə gedir, dənizkənarı istirahətə üstünlük verirlər. Amma nəzərə almaq lazımdır ki, dəniz qırağına gedən insanlar səhərdən saat 11-ə qədər, daha sonra isə, saat 5-dən sonra dəniz kənarında istirahət edə bilərlər. 11.00-17.00 arası dəniz kənarında istirahət etmək olmaz”.
Bu barədə Bizimyol.info xəbər portalına terapevt Məlahət Abbasova danışıb.
Məlahət AbbasovaHəkim bildirir ki, orqanizmin 90 faizi sudan ibarətdir. Demək əgər insan dəniz kənarında günəşin altında uzun müddət olursa, bədəninin mayesini itirir. Bədənin mayesinin itirilməsi isə, bir sıra xəstəliklərə səbəb ola və xroniki xəstəliklərin kəskinləşməsinə gətirib çıxara bilər.
“Bədəni gün vuranda, insanın başından vurur, beyin qan dövranının pozğunluğu və çox ağır fəsadlara gətirib çıxarır. İstidən qorunmaq üçün qəbul edilən mayenin miqdarını artırmaq lazımdır. Əgər biz gün ərzində 2 litr maye qəbul ediriksə, bunu 3,4 litrə qaldırmaq lazımdır.
Havanın çox isti olduğu zaman məsləhət görərdim ki, ürək xəstələri və ağciyər xəstələri, ümumiyyətlə xroniki xəstəliyi olan insanlar evdən bayıra çıxmasınlar. Əgər istiyə heç cür dözmürlərsə, istifadə etdiyimiz bədən dəsmalını suda isladıb, bədənlərinə bürüməlidirlər. Bolluca maye qəbul etmək lazımdır. Meyvə tərəvəz salatları, təzə çəkilmiş şirələrdən istifadə etmək olar. Biz tərlədikcə, bədənimizdə su buxarlandıqca, su azaldıqca bədənimizdə qanın laxtalanması prosesi gedir. Qanın laxtalanması prosesi baş verməsin deyə, biz mayenin miqdarının artırmalı və meyvə və tərəvəzlərdən istifadə etməliyik” - deyə həkim bildirib.
Məlahət Abbasova vurğulayıb ki, isti havalarda daha çox yüngül və açıq rəngdə ağ, mavi olan geyimlərdən istifadə etmək lazımdır.
“Xəstədə günvurmanın əlamətləri müşahidə edilirsə, qızdırması artıbsa və yaxud da ki, özünü pis hiss edirsə və sümüklərdə ağrı varsa, mütləq həkimə müraciət etmək lazımdır”,- deyə həkim qeyd edib. Onun sözlərinə görə, günvurma elə bir xəstəlikdir ki, vaxtında müdaxilə edilməsə ölümlə belə nəticələnə bilər. Odur ki, isti havalarda özünüzü günəşdən qoruyun. Günün müvafiq saatlarında günün altında olmamağa, bol maye qəbul etməyə, az yeməyə və meyvə-tərəvəzə üstünlük verməyə çalışın. Unutmayın ki, hər kəsin sağlamlığı öz əlindədir.
İlahin, Bizimyol.info






