2022-ci ilin yanvar-aprel aylarında Almaniya Rusiyadan idxalı 60 faiz artırıb və ötən ilin eyni dövrü ilə müqayisədə Moskvaya təxminən 6 milyard avro çox vəsait köçürüb.
Bizimyol.info “Ukrinform”-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik sosial şəbəkə səhifəsində məlumat verib. Səfir bunun bir “dəlilik” olduğunu vurğulayaraq qeyd edib ki, Almaniya ilə Ukrayna arasında ticarət 11 faiz azalıb.
Melnik Almaniya iqtisadiyyatı üzrə Şərq Komitəsinin müvafiq statistikasını da açıqlayıb. Onun sözlərinə görə, yanvar-aprel aylarında Rusiyadan Almaniyaya idxal 59,9 faiz artaraq 15,8 milyard avrodan çox olub. Almaniyanın Rusiyaya ixracı bu aylarda 26,6 faiz azalaraq 6,15 milyard avrodan bir az çox olub. Ümumilikdə, 2022-ci ilin yanvar-aprel aylarında Rusiya-Almaniya ticarət dövriyyəsi 20,2 faiz artıb.
Almaniya ilə Ukrayna arasında ticarət dövriyyəsi isə bu aylarda 11,8 faiz azalaraq 2,3 milyard avro təşkil edib.
Xatırladaq ki, bir müddət əvvəl Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik dəfələrlə Almaniya hökumətini Ukraynaya silah tədarükündən imtina etdiyinə, sonra isə gecikdirdiyinə görə tənqid edib.
Səfirin iyunun 10-da Rusiya müharibəsinin 107-ci günündə bəyan etdiyi kimi, Ukrayna Almaniyadan hələ də bir dənə də olsun ağır silah almayıb. Səfir həmçinin qeyd eidb ki, Ukrayna Almaniya haubitsalarının iyunun ikinci yarısında çatdırılmasını gözləyir.
Qeyd edək ki, Rusiya Ukrayna müharibəsi fevralın 24-dən başlayıb. Bu vaxta qədər Almaniya dəfələrlə Ukraynaya ağır silahlar vəd etsə də, hər dəfə onların çatdırılmasını süründürüb. Həmçinin Almaniya Rusiya qazından imtina məsələsində də müqavimət göstərir. Son rəqəmlərdən də göründüyü kimi, Almaniya nəinki Rusiyaya qarşı sərt mövqe göstərmir, əksinə, müharibə şəraitində də Rusiya ilə əlaqələri dərinləşdirir. Hazırkı kansler Olaf Şolz əvvəlki kansler Angela Merkelin siyasətini davam etdirir. ABŞ-ın təkidlərinə baxmayaraq artıq illərdir Almaniya Rusiya ilə əməkdaşlığı genişləndirməyə davam edir.
Türkan, Bizimyol.info






