Hər il 290 min qadında görülən uşaqlıq xərçəngi qadınlara ən çox təsir edən ölümcül xəstəliklərdən biridir. Araşdırmalar bu xərçəng növü ilə qəhvə istehlakı arasında maraqlı bir əlaqənin ola biləcəyini ortaya qoyub.
“Ginekologiya araşdırmaları” jurnalında dərc edilən bir araşdırmada qəhvə qəbulu ilə bağlı 24 araşdırmaya baxılıb, 699 min 234 nəfərdə 9 min 833 yeni endometrium xərçəngi (uşaqlıq xərçəngi) hadisəsi qeydə alınıb. Bu araşdırmada yüksək qəhvə istehlakı ilə xərçəng riski arasında əlaqənin ola biləcəyi aşkar edilib. Belə ki, qəhvə istehlakının uşaqlığın selikli qişasında başlayan və eyni zamanda uterus xərçəngi olaraq da bilinən bir xərçəng növü olan endometrium xərçəngi riskini azaltdığı irəli sürülüb. Təhlil nəticəsində, endometrium xərçəngi riskini azaltan qəhvə istehlakı ilə yanaşı, kofeinli qəhvənin kofeinsiz qəhvədən daha yaxşı qoruma təmin edə biləcəyi ifadə edildi.
Hər menstruasiya zamanı qan tökülərək, hər ay potensial hamiləliyə hazırlanan uşaqlığın daxili səthini örtən və hamiləlik zamanı plasentanın bağlandığı quruluşa 'endometrium' deyilir. Bu quruluşda inkişaf edən xərçənglərə endometrium xərçəngi deyilir. Klimakdan sonra vaginal qanaxma, iki menstruasiya arasında qanaxma, vajinada anormal və ya qanlı axıntı, pelvik ağrı və cinsi əlaqə zamanı ağrı endometrium xərçənginin əsas əlamətlərindəndir. Aparılan araşdırmalara görə, çox qəhvə qəbul edən qadınların qəhvə qəbul etməyən qadınlarla müqayisədə xərçəngə yoluxma riski 30 faiz daha azdır.
Tədqiqatın müəllifləri qəhvənin potensial anti-xərçəng təsirləri ilə əlaqəli bir neçə mexanizmə diqqət çəkərək,bildiirb ki, qəhvə ilə endometrium xərçəngi riski ilə əlaqəsini öyrənmək üçün daha çox məlumat əldə etməyə, bunun üçün isə, daha geniş araşdrımalar aparılmasına ehtiyac var.
Ginekoloq Xoşqədəm İbrahimova Bizimyol.info saytına açıqlamasında bildirib ki, belə araşdırmalar müxtəlif zamanlarda aparılıb. Gah qəhvə, gah müxtəlif tərəvəzlərin xərçəng riskini azaltdığı qeyd edilib: “Qadın sağlamlığı üçün gigiyenik qaydalara əməl etmək, düzgün cinsi əlaqə yaşamaq, çoxpartnyorlu olmamaq vacib şərtdir. Bundan əlavə qidalanmaya da önəm vermək lazımdır. Xüsusən, klimaks dövründə daha diqqətli olmaq lazımdır. Çünki bu dövrdə qadının ana olmaq ehtimalı olmur və orqanizmdə müəyyən dəyişikliklər baş verir. Bu dəyişikliklərin fonunda xərçəngə yoluxma da baş verə bilər. Qadın üçün də cinsi əlaqə önəmlidir. Qidalanma, sağlam cinsi münasibətlər və gigenik qaydalara əməl edən qadınlarda xərçəngə yoluxma riski daha az olur”.
İlahin, Bizimyol.info






