Bu ilin yanvar-iyul aylarında Azərbaycanda cinayət törətmiş şəxslər arasında qadınların xüsusi çəkisi 5,8 faiz, 14-17 yaşda olan uşaqların xüsusi çəkisi isə 1,7 faiz təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayət törədən 14-17 yaşda olan uşaqların sayı 18,7 faiz azalıb, qadınların sayında isə 23,5 faiz artım olub. Yəni bu dövrdə qadınlar tərəfindən törədilən cinayətlərin sayında artım müşahidə edilib.
Narkotika satışı, oğurluq və qadınlar tərəfindən törədilən digər cinayətlərin sayının afrtmasının səbəbləri nədir
Kliniki-psixoloq Ramin Hacıyevin sözlərinə görə, qadınlar tərəfindən törədilən cinayətlərin artmasının əsas səbəblərindən biri pandemiyadır:
"Bu dövrdə boşanmaların sayı artdı. Cinayətlərin də sayında artım müşahidə edilməyə başlanıldı. Ailədə şiddət və psixoloji zorakılıq varsa, qadın məcbur qalıb özünü müdafiə etməyə çalışır. Ancaq qanunvericiliyə görə, özünü müdafiə olsa belə, bu cinayət hesab edilir".
Psixoloq qeyd edib ki, qadınlar tərəfindən törədilən cinayətlərin artmasının digər səbəbi narkomaniyanın artmasıdır. Narkomaniya fonunda törədilən cinayətlərin sayı da artır. Burada qadınlar tərəfindən törədilən cinayətlərin sayı da yetərincədir.
"Bu gün sükan arxasında olan xanım sürücülərin sayı kifayət qədərdir. Qadınlar tərəfindən törədilən cinayətlərin artmasının digər səbəbi sükan arxasında diqqətsizlikdir. Xanmlar sükan arxasında ola-ola sosial şəbəkələrdə yazışırsa, selfi edirsə və ya hər hansı paylaşım edirsə, bu da diqqətin dağılmasına və qəzalara səbəb olur. Mən belə hadisələrlə tez-tez qarşılaşıram. Əgər fikir dağınıqlığı varsa, bu qəza ilə nəticələnəcək. Bu da qadınlar tərəfindən törədilən cinayətlərin statistikasına təsir edir" - deyə psixoloq bildirib. Onun sözlərinə görə, pandemiya təkcə Azərbaycanda deyil, bütün dünyada özündən sonra iqtisadi sıxıntıların yaranmasına səbəb oldu. Bu fonda cinayət hadisələrinin artması müşahidə edildi. Bura oğurluq, narkotik vasitələrin satışı, qətllər və s. cinayətlər daxildir.
İlahin, Bizimyol.info






