Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ölkəni istədiyi kimi idarə edir. Əhalinin böyük hissəsi yoxsulluq səviyyəsində yaşayır, ifadə azadlığı yoxdur, hökumət ən kiçik tənqidə belə, dözümsüz yanaşır. Xalqı qorxu içində saxlayır. Berdıməhəmmədov istədiyi kütləvi ritualı həyata keçirir.
Bizimyol.info xəbər verir ki, Beynəlxalq Qadınlar Günündə zərif cinsin təbrik etmək də rituala çevrilib. 2011-ci ildən yaşı 16-ya çatmamış orta məktəb qızlarına 8 martla əlaqədar zərfdə pul verilir. Ayrı-ayrı şəhərlərdəki təqdimetmə mərasimi mərkəzi televiziyanın “Vətən xəbərləri” verilişində göstərilir.
Azadlıq radiosunun Aşqabad bürosunun məlumatına görə, bu dəfə zərflərin içi boş olub. Xəbərlər proqramındakı süjetdə görünür ki, məktəbli qızlar zərfi alandan sonra onu öpüb alınlarına qoyurlar. Ardınca prezidentə təşəkkkür etmək tələb olunur. Radio bu prosesin təbliğat predmeti olduğunu bildirir. Yəni erkən yaşlarından prezidentə itaət etmək vərdişi yaranmalıdır.
Deyilənə görə, təxminən 17 dollar məbləğində vəsait uşaqların valideynlərinə çatdırılacaq. Hər halda, əvvəlki illərdə pul məktəbli qızların ailəsinə pasport təqdim etmək şərtilə verilirdi.






