Braziliyanın Minas-Jerays ştatı uçan hörümçəklərin hücumuna məruz qalıb. Havada hörümçək o qədər çoxdur ki, küçədə rahat gəzmək olmur.
Bizimyol.info xəbər verir ki, bu, hörümçəklərin xüsusi növü sayılır və “paraviksia bistriata” adlanır. Belə hörümçəklərin həm də böyük tor qurmaq qabiliyyəti var.
Yerli sakinlər əvvəlcə yağış yağdığını güman ediblər. Amma sonradan hörümçək toru ilə üzləşiblər. Əslində, bu hörümçəklər insanlara heç bir zərər vurmur. Küçədə rahat gəzməyə bilərsiniz, amma sizə xətər toxunmayacaq. Nadir hörümçək növünün nümayəndələrinin insanlarla işi yoxdur, daha çox ağcaqanad və milçəklərlə qidalanırlar.
Braziliyalılar belə halı havaların çox isti keçməsi və rütubətin çoxluğu ilə əlaqələndirir. “Qardian” qəzetinə müsahibə verən Minas-Jerays Federal Universitetinin biologiya üzrə professoru Adalberto duş Santuş isə həmin hörümçəklər haqda daha geniş danışıb. Onun dediyinə görə, hörümçək torunun uzunluğu bəzən 4 metrə çata bilir. Torun böyüklüyü həşəratları rahatca ovlamağa şərait yaradır. Hörümçəklər bunun sayəsində hətta kiçik quşları da tora salmağı bacarır.






