Sumqayıt bulvarında nağara ifa etməklə dolanan İman Bayramovun yardıma ehtiyacı var
Sumqayıt bulvarında gəzənlər yəqin üstü-başı səliqəsiz küçə musiqiçisi olan bu kişini örüblər. Söhbət nağara ifaçısı kimi tanınan İman Bayramovdan gedir.
Bayramov İman Əli oğlu 1960-cı ildə Sumqayıtda anadan olub. Həyat yoldaşından ayrılan İman dayının iki övladı var. Onun sözlərinə görə, həyatda daha bir zərbəni övladları tərəfindən alıb. Belə ki, övladları da onu qəbul etməyib.
İman dayı hazırda işsizdir və qalmağa yeri yoxdur. Bir neçə dəfə Sumqayıtda yerləşən “Qocalar Evi”nə müraciət etsə də, onu qəbul etməyiblər. Buna səbəb kimi isə yaşının azlığı və övladlarının olmasını göstəriblər.
İş tapa bilməyən İman Bayramov hazırda Sumqayıt bulvarında nağara ifa edir. Nağarada hər cür ritmi tuta bilən İman dayı bu musiqi alətini 3 ildir aldığını deyir. Elə çörək pulunu da bulvarda nağara ifa etməklə qazanır. İman dayının maddi yardıma ehtiyacı var. Kömək etmək istəyənlər İman Bayramovu Sumqayıt bulvarında tapa bilərlər.
Elgün Qarayev






