Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
30 il əvvəl doğulan qəhrəman: Həmid Həmidlinin adı bu gün də ürəklərdə yaşayır - Video
30 il əvvəl doğulan qəhrəman: Həmid Həmidlinin adı bu gün də ürəklərdə yaşayır - Video

Bəzən təqvimdəki bir tarix doğum günündən daha böyük məna daşıyır. Çünki həmin gün təkcə bir insanın dünyaya gəlişi deyil, Vətənə ömrünü fəda etmiş bir qəhrəmanın xatirəsi yad edilir.

Bu gün şəhid Həmid Həmidlinin anadan olmasının 30-cu ildönümü münasibətilə keçirilən anım mərasimi də məhz belə duyğularla yadda qaldı.

Tədbirin keçirildiyi məkanda hər addımda şəhidə olan ehtiram hiss olunurdu. Güllərlə bəzədilmiş portret, səsləndirilən dualar, bir-birini səssizcə salamlayan insanlar və kövrək baxışlar göstərirdi ki, zaman keçsə də, qəhrəmanların xatirəsi unudulmur.

Anım mərasimində şəhidin ailə üzvləri, qazilər, döyüş yoldaşları, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və gənclər iştirak edirdilər. Çıxış edənlər Həmid Həmidlinin döyüş yolundan, vətənpərvərliyindən və hərbçi kimi göstərdiyi fədakarlıqdan bəhs edərək onun həyatının gələcək nəsillər üçün nümunə olduğunu vurğuladılar.

Tədbirin ən duyğulu anları şəhidin valideynləri – anası Könül xanım və atası Əlisaleh kişinin tədbirdə iştirak etdiyi məqamlar oldu. Övlad həsrəti illər keçsə də dəyişmir. Amma onların üzündə kədərlə yanaşı, Vətən uğrunda canından keçmiş bir oğulun valideyni olmağın qüruru da aydın hiss olunurdu. Hər iki valideynə göstərilən ehtiram zalda olanların alqışları ilə müşayiət edildi.

Həmid Həmidli ömrünün ən gözəl çağında Vətənin keşiyində dayanmağı seçdi. O, həyatını şəxsi arzularına deyil, xalqının təhlükəsizliyinə həsr etdi. Elə buna görə də onun adı bu gün yalnız ailəsinin deyil, bütöv Azərbaycanın yaddaşında yaşayır.

Mərasimdə səsləndirilən hər çıxış bir fikirdə birləşirdi: şəhidlər tarix kitablarında yazılan adlar deyil, cəmiyyətin mənəvi dayaqlarıdır. Onların qəhrəmanlığı gənclərə məsuliyyət, Vətən sevgisi və milli birlik hissini aşılayır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »