Yaponiyanın Baş naziri Sanae Takaçi hökumətinə ictimai dəstək reytinqinin hansı səbəbdən aşağı düşdüyünü bilmədiyini bildirib.
Bizimyol.info xəbər verir ki, Baş nazir bu barədə ölkə parlamentinin aşağı palatasının Büdcə Komissiyasında keçirilən müzakirələr zamanı deputatların sualını cavablandırarkən bildirib.
"Dəstək reytinqinin azalmasının səbəbi məlum deyil. Ancaq ictimai rəyi nəzərə alacağıq", – deyə o vurğulayıb.
Yaponiyanın aparıcı kütləvi informasiya vasitələrinin son günlər dərc etdiyi ictimai rəy sorğularının nəticələrinə əsasən, Takaçinin rəhbərlik etdiyi Nazirlər Kabinetinə dəstək səviyyəsi rekord aşağı həddə enərək 53,7 faiz təşkil edib. Eyni zamanda, hökumətin fəaliyyətini bəyənməyənlərin payı rekord həddə – 33,7 faizə yüksəlib.
Son aylarda Baş nazir Sanae Takaçinin reytinqi ardıcıl olaraq azalır. Bu vəziyyət ölkənin "Şukan Bunşun" həftəlik nəşrində dərc olunan qalmaqallı materiallarla əlaqələndirilir. Nəşr iddia edir ki, Takaçiyə yaxın əməkdaşlar ötən il hakim Liberal Demokrat Partiyasının sədr seçkiləri zamanı rəqibləri barədə böhtan xarakterli videomaterialların yayılmasında iştirak ediblər. Sanae Takaçi isə bu ittihamları dəfələrlə rədd edib.
Bizimyol.info






