Şimali Koreyanın (KXDR) nüvə dövləti statusu qəti və geri dönməz xarakter daşıyır, ölkənin nüvə potensialı isə bundan sonra da fasiləsiz şəkildə gücləndiriləcək.
Bizimyol.info xəbər verir ki, bu barədə Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri və Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Con bəyan edib.
Kim Yo Con bildirib ki, KXDR məsuliyyətli nüvə dövləti kimi qüvvələr balansını təmin edir, həm Koreya yarımadasında, həm də onun hüdudlarından kənarda geosiyasi təhlükəsizliyə töhfə verir.
“Kim nə deyirsə-desin, KXDR-nin məsuliyyətli nüvə dövləti kimi statusu və mövcudluğunun əhəmiyyəti qəti və geri dönməzdir. Ölkənin nüvə gücü heç bir fasilə vermədən daim yenilənəcək”, – deyə o vurğulayıb.
Bəyanat ASEAN Regional Forumunun sədrinin Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə çağırış edən sənədinə cavab olaraq səsləndirilib. Kim Yo Con forumun mövqeyindən “ciddi narazılıq” ifadə edib və bu yanaşmanı qətiyyətlə rədd etdiyini bildirib.
O deyib ki, KXDR-nin nüvə dövləti statusu ölkə konstitusiyasında təsbit olunub və “heç bir hüquqi məcburedici qüvvəsi olmayan bir sənədlə” dəyişdirilə bilməz.
Kim Yo Con ABŞ və onun müttəfiqlərinin Koreya yarımadasının nüvəsizləşdirilməsi siyasətinə sadiqliyini “strateji düşüncənin iflası” və “axmaq arzu” adlandırıb. Onun sözlərinə görə, bu konsepsiya artıq çoxdan bütün mənalarda aktuallığını itirib.
“Bizim mövqeyimiz ardıcıl və aydındır: nüvə çəkindirmə qüvvələri dövlətin suverenliyinin etibarlı sipəri və dövlət hakimiyyətinin qorunmasının ən yaxşı təminatıdır”, – deyə Kim Yo Con əlavə edib.
ASEAN Regional Forumu Asiya-Sakit okean regionunda siyasi və təhlükəsizlik məsələlərinin müzakirəsi üçün platformadır. Forumun işində ASEAN üzv ölkələri ilə yanaşı, tərəfdaş dövlətlər də iştirak edir.
Bizimyol.info






