İran Ukraynanın Xəzər dənizində İran gəmisinə endirdiyi zərbəni cavabsız qoymayacaq.
Bizimyol.info xəbər verir ki, bunu İran parlamentinin (Məclis) Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi bəyan edib.
“İrana qarşı istənilən hücumun qarşılığı verilir və bu, bu gün də dəyişməyib. ABŞ və İsrail bunu artıq yaxşı bilir. Ukrayna da yəqin ki, tezliklə anlayacaq ki, İran heç bir addımı cavabsız qoymur. Səhv hesablamalar edənlərin siyahısı getdikcə artır”, – deyə Əzizi "X" sosial şəbəkəsində yazıb.
İyulun 25-də İran Xarici İşlər Nazirliyi Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə zərbə endirdiyini və hadisə nəticəsində ekipaj üzvlərindən birinin həlak olduğunu açıqlayıb.
İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, Kiyev bu hücumu İsrailin göstərişi ilə həyata keçirib və məqsəd Avropanı Yaxın Şərqdəki müharibəyə cəlb etmək olub.
Bizimyol.info






