Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı tələbələr üçün əlverişsiz şəhərdir: 117-ci yerdədir
Bakı tələbələr üçün əlverişsiz şəhərdir: 117-ci yerdədir

Ölkədə ali təhsil ocaqlarının əksəri Bakıda toplaşıb. Buna görə də paytaxt tələbələrin əsas şəhəri kimi fərqlənir. Müzakirə mövzusu Bakının onlar üçün nə dərəcədə uyğun yer olmasıdır. Beynəlxalq araşdırma yaxşı nəticə ortaya çıxarmayıb. Bakı tələbələr üçün əlverişsiz şəhər sayılıb.

Bizimyol.info xəbər verir ki, ali təhsil müəssisələrinin araşdırması sahəsində populyarlaşmış “Quacquarelli Symonds” agentliyi növbəti dəfə “ən yaxşı tələbə şəhərləri” reytinqini açıqlayıb. Burada Bakının da adı yer alıb. Amma mövqe qənaətbəxş deyil. Bizim paytaxt 117-ci pillədə qərarlaşıb.

Reytinqi tərtib edərkən qayda belədir ki, şəhərin əhalisi azı 250 min nəfər olmalıdır. Yəni kiçik şəhərlərdən söhbət gedə bilməz. Reytinqdə yer almaq üçün burada azı iki universitet yerləşməlidir.

Hansı kriteriyalar var? Sadalayaq: universitetlərin səviyyəsi, şəhərin cəlbediciliyi, tələbə mühiti, əlverişlilik, işəgötürənlərin fəallığı, tələbə baxışı. Universitetlərin səviyyəsi çox əhəmiyyətlidir. Tələbə mühitinə də xüsusi diqqət yetirilir. Bu iki kriteriyada uduzduğumuz dəqiqdir. Universitetlərin səviyyəsinin yüksəkliyi ilə öyünə bilmərik. İndi gənclər xaricdə təhsil haqqında çox düşünür. Tələbə mühiti isə, ümumiyyətlə, yoxdur. Bu şəhərə oxumağa gələnlər başının çarəsini qılmalı olur. Adicə əksəriyyətə xidmət edən yataqxanalar yoxdur.

Şəhərin cəlbediciliyində axsamırıq. İnsafən bu məsələdə bəxtimiz gətirib. Əlverişlilik istənilən səviyyədə deyil. Yəni təhsil müəssisələrinin əlçatanlığı, ictimai nəqliyyatın çevik olması, tələbələrə güzəşt məsələləri. Bu istiqamətlərdə qüsur çoxdur. İşəgötürənlərin fəallığından isə heç danışmağa dəyməz.

Tələbələrin rəyini bilmirik. Hər halda Bakıda onlar üçün həyatda qalmaq asan deyil. Xüsusilə bu şəhərdə evin yoxdursa.

Reytinqə Seul başçılıq edir. Sonralı yerləri Tokio, London, Münxen, Melburn, Sidney və Berlin tutur. İstanbul 61-ci, Ankara 79-cu pillədədir. Tbilisinin və Yerevanın adı gözə dəymir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »