Bir neçə gün əvvəl Tural Hacızadə “Kontakt Home”dan aldığı “Huawei” planşetinin qələmi ilə bağlı sosial mediada paylaşım etdi. Məsələ ilə bağlı əvvəlcə yalnız hüquqşünasın açıqlamasını alaraq, hadisənin hüquqi tərəflərini təqdim etdik.
Bu dəfə isə müştərinin iddiası və şirkətin mövqeyini təqdim edirik.
O sosial mediada yazaraq bildirib ki, “Kontakt Home” dan övladı üçün “Huawei” planşeti alıb. Ancaq ona planşetin qələmini ayrıca pulla satıblar.“Soruşdum ki, qələmi varmı? Dedilər ki, ayrıca satılır. Mən də “tamam” dedim.
Bu gün qələmi alanda gördüm ki, üzərində “Not For Sale” (“Satış üçün deyil”) yazılıb.
İstədim “Huawei” yə yazım ki, sizin rəsmi distribütorunuz (mağazada mənə elə dedilər ki, rəsmi distribütordurlar) üzərində "Satış üçün deyil" qeyd olunan məhsulu ayrıca satır. Sonra isə doğrudan da utandım ki, gedib bir Çin şirkətinə deyim ki, mənim ölkəmdə fəaliyyət göstərən şirkət məni aldadır”.
O daha sonra bildirib: “Bunu adi bir satış butiki etsəydi, deyərdim ki, qazancını həmin qələmdən çıxarmağa çalışır. Amma siz böyük korporativ mağazasınız. Belə bir yanaşma sizə yaraşmır”
Uşaq üçün alınan Huawei planşeti ilə bağlı qələmin ayrıca satıldığı bildirilsə də, üzərində “Not For Sale” (“Satış üçün deyil”) qeyd olunan məhsulun ayrıca satışa çıxarılmasının səbəbi nədir?
Məsələ ilə bağlı “Kontakt Home”a sorğu ünvanladıq. Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq qurum müştəri məlumatlarını istədi. Bildirdik ki, müştərinin adı, soyadı məlumdur, sosial media profilində şəkli də var və şirkət özü həmin paylaşımda müştəriyə müraciət edib. Lakin şirkət ata adını da tələb etdi. Bildirdilər ki, ata adı olmadan araşdırma aparmaq mümkün deyil. Eyni zamanda məhsulun kimin adına alındığı və əlaqə nömrəsinin də lazım olduğunu dedilər.
Şirkət bildirdi ki, araşdırma apardıqdan sonra məsələyə münasibət bildirə bilərlər. Həmçinin bildirdilər ki, müştəri ilə əlaqə saxlamağa cəhd göstərsələr də, bu mümkün olmayıb.
Maraqlıdır, kredit ödənişi bir gün gecikəndə müştəri ilə əlaqə yaratmaq mümkün olur, lakin şikayət zamanı müştərini tapa bilmirlər.
Bir neçə gün sonra “Kontakt Home”un “WhatsApp” vasitəsilə göndərdiyi səsli mesajda bildirdi ki, şirkətin ölkə üzrə 60 mağazası var və hər bir mağazada gündəlik çoxsaylı satışlar həyata keçirilir.
Buna görə də yalnız qeyd olunan məlumatlarla məhsulun hansı filialdan alındığını müəyyən etmək mümkün deyil. Bildirilib ki, düzgün araşdırma aparmaq üçün müştərinin adı, soyadı, ata adı və digər məlumatlar tələb olunur.
Şirkətin bu cavabından bir neçə saat sonra şikayətçi sosial media hesabında paylaşım edərək bildirib ki, “Kontakt Home” və “Huawei”nin Azərbaycan nümayəndəliyi onunla əlaqə saxlayıb. Onun sözlərinə görə, şirkət qələmin satış üçün nəzərdə tutulmadığını, lakin səhvən satıldığını bildirib və ödənişin geri qaytarılmasını təklif edib.
Bizə rəsmi cavab verilməsə də, nəticə etibarilə müştərinin ödədiyi məbləğin geri qaytarıldığı bildirilib. Lakin bununla bağlı başqa sual yaranır: müştərinin də qeyd etdiyi kimi, indiyədək satılan digər qələmlərlə bağlı vəziyyət necə olacaq?
Şirkət bildirib ki, planşetlə birlikdə qələm alan müştərilər qəbzlə birlikdə mağazalara yaxınlaşaraq qələmin ödənişini geri ala bilərlər.
Məsələ ilə bağlı “Kontakt Home” ilə yenidən əlaqə saxlamağa çalışsaq da, cəhdimiz baş tutmadı. Şirkət göndərdiyimiz əlavə mesaja cavab vermədi.
Günel Həsənova, Bizimyol.info






