Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik: “Çəyirtkələrə qarşı bioloji mübarizə sınaqları Azərbaycanda da aparılacaq”
Nazirlik: “Çəyirtkələrə qarşı bioloji mübarizə sınaqları Azərbaycanda da aparılacaq”

Ecofront “Facebook” hesabında paylaşım edərək bildirib ki, son həftələrdə, xüsusilə Abşeron yarımadasında çəyirtkələrin sayında artım müşahidə olunur.

Paylaşımda qeyd edilib ki, 2026-cı ilin may–iyul ayları ərzində respublikanın müxtəlif ərazilərində çəyirtkəkimilərin müşahidə olunduğu 6819 hektar ərazidə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Çəyirtkələrin kənd təsərrüfatına vurduğu zərəri heç kim inkar etmir.

Lakin genişmiqyaslı kimyəvi mübarizə uzunmüddətli həll yolu deyil.

Pestisidlər yalnız çəyirtkələri deyil, arıları, kəpənəkləri və digər faydalı həşəratları da məhv edir. Nəticədə həşəratlarla qidalanan quşlar, sürünənlər və digər canlılar qida çatışmazlığı ilə üzləşir, ekosistem tarazlığı pozulur. Eyni zamanda pestisid qalıqları torpağa, suya və ərzaq məhsullarına keçərək insan sağlamlığı üçün də risk yarada bilər.

Məhz buna görə dünyanın bir çox ölkəsində prioritet bioloji və inteqrə olunmuş zərərvericilərlə mübarizə üsullarına verilir. Təbii düşmənlərin qorunması, davamlı monitorinq və yalnız zərurət yarandıqda hədəfli kimyəvi müdaxilə həm məhsulu, həm insan sağlamlığını, həm də ekosistemləri qorumağa imkan verir.

Dayanıqlı kənd təsərrüfatı yalnız məhsuldarlığı deyil, insan sağlamlığını və təbiətin tarazlığını da əsas prioritet hesab etməlidir.

  • Çəyirtkələrə qarşı kimyəvi mübarizə zamanı ekoloji təsirlərin qarşısını almaq üçün hansı tədbirlər görülür?

Yaranan sualla bağlı Kənd Təsərrüfatı Nazirliyinə sorğu ünvanladıq. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirib ki, çəyirtkə növlərinin tarixən ölkənin müxtəlif bölgələrində yayılması müəyyən edilmişdir: “Azərbaycanda sürüəmələgətirən çəyirtkələrin əsasən iki növünə (Mərakeş və İtaliya çəyirtkəsi) rast gəlinir. Uzun illər aparılan müşahidələr nəticəsində qeyd olunan çəyirtkə növlərinin tarixən ölkənin müxtəlif bölgələrində (Küdrü düzü, Qarasu-Padarçöl, Haramı düzü, Acınohur və Ceyrançöl ərazisi) yayılması müəyyən edilmişdir. Son illər qeyd olunan ərazilərdə torpaq sahələrinin əkin strukturuna daxil edilməsi çəyirtkələrin xüsusən də Mərakeş çəyirtkəsinin yayılma arealının xeyli dərəcədə azalmasına səbəb olmuşdur. Mərakeş çəyirtkəsi öz yumurtalarını xam torpaqlara qoyduğundan əkin üçün şum aparılmış ərazilərdə onların yumurtaqoyma ehtimalı minimuma enmiş olur ki, bu da ümumilikdə populyasiyanın azalmasına gətirib çıxarır. Müqayisə üçün bildirim ki, əgər 2020-ci ildə çəyirtkələrə qarşı mübarizənin ümumi həcmi 33.0 min ha təşkil etdiyi halda 2025-ci ildə mübarizə həcmi 10.8 min hektara qədər azalmışdır”.

Həmçinin vurğulanıb: “Hazırda çəyirtkələrə qarşı mübarizədə əsasən kiçikhəcmli müasir çiləyicilərdən istifadə olunur ki, bu zaman istifadə olunan pestisidin hektara məsarif norması 150 ml və 1 m2 sahəyə düşən pestisid yükü cəmisi 0,015 ml təşkil edir. Həmçinin mübarizə tədbirləri əsasən çöllük sahələrdə və çəyirtkələrin toplaşdığı lokal ərazilərdə aparıldığından bu tədbirlərin ətraf mühitə və insan sağlamlığına təsirləri minimum səviyyədə olur. Eyni zamanda dərmanlamada toksikiliyi aşağı olan pestisidlərdən istifadə olunur. Bundan başqa ərazidə dərmanlama işləri aparılarkən bütün təhlükəsizlik qaydalarına əməl olunmaqla, bu barədə əvvəlcədən ətrafda olan təsərrüfat sahibləri (o cümlədən arıçılıq təsərrüfatları), məskunlaşmanın olduğu hallarda əhali bu barədə məlumatlandırılır və tədbirlərin aparıldığı ərazilərə xəbərdaredici nişanlar vurulur”.

O da bildirilib ki son zamanlar bir sıra ölkələrdə bu zərərvericiyə qarşı bioloji pestisidlərdən istifadə ilə bağlı sınaqlara başlanılmışdır. Sınaqların yaxın dövrlərdə ölkəmizdə də aparılması planlaşdırılır”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »