Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kameranın olmadığı əsrin ilk "fotoşəkli": Daşların altında "uçmağa can atan" quşların möcüzəvi sirri - Video
Kameranın olmadığı əsrin ilk "fotoşəkli": Daşların altında "uçmağa can atan" quşların möcüzəvi sirri - Video

Dünyanın ən böyük bütöv taban mozaikasına ev sahibliyi edən Hataydakı Necmi Asfuroğlu Arxeologiya Muzeyində (The Museum Hotel Antakya) əsrlər boyu zəlzələlərin altında gizlənən elə bir şahəsər var ki, onun hekayəsi sadəcə tarixi deyil, həm də mistik bir təsadüfün heyranedici tablosudur. Bu, arxeologiya dünyasında "Müqəddəs Ruh və Təbii Həyat" mozaikası olaraq tanınan sənət əsəridir.

Eramızın V əsrinə aid edilən bu unikal mozaikanın qədim Romada möhtəşəm bir villanın zəmin döşəməsini təşkil etdiyi təxmin edilir. Dövrünün tipik və ən zərif həndəsi naxış xüsusiyyətlərini əks etdirən bu əsər, qeyri-adi dərəcədə qüsursuz qorunub saxlanması ilə diqqət çəkir. Lakin onu öz nəslinin digər nümunələrindən ayıran əsas cəhət, mozaika ustasının daşlarla yaratdığı vizual möcüzədir.

Əsər, sahib olduğu real fotoşəkil dəqiqliyi ilə unikal və bənzərsiz bir sənət nümunəsidir. Daşların rəng keçidləri və kölgələndirmələri o qədər canlıdır ki, baxdıqca insan heyranlığını gizlədə bilmir.

Mozaikanın üzərində qədim dövrdə Antakya və ətrafında yaşayan çox sayda quş növünün heyranedici təsvirləri yer alır. Əsər sanki 1600 il əvvəlki təbii həyatın daşlaşmış ensiklopediyasıdır. Maraqlısı budur ki, bu mozaika bu gün muzeyin və bu böyük investisiyanın sahibi olan Asfuroğlu ailəsi ilə mükəmməl və sehrli bir uyğunluq yaradır. "Təsadüfdürmü" sualını ağıllara gətirən məqam... Ərəb dilində "Asfur" – "quş" mənasına gəlir. Əsrlər boyu torpağın 4 metr altında öz quşları ilə birlikdə kəşf ediləcəyi günü gözləyən bu mozaikanı yerin altından çıxarıb dünyaya tanıdan ailənin soyadının "Quş oğlu" (Asfuroğlu) olması, tarixin sənətə etdiyi ən gözəl sürprizlərdən biridir.

Bu gün Necmi Asfuroğlu Arxeologiya Muzeyində bu fotoqrafik mozaikanın qarşısında dayanmaq, təkcə qədim Romanın estetik zövqünə şahidlik etmək deyil. Bu, həm də adların, soyadların və tarixin min illik zaman kəsiyində bir-birini necə tapdığının sirli hekayəsinə baxmaq deməkdir.

Orxan Musabəyli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »