ABŞ İsrailin Livana hücumlarını dayandırmağa və atəşkəsi təmin etməyə borcludur.
"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında bildirib.
"Anlaşma memorandumunun birinci bəndinə əsasən, Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibə tamamilə dayandırılmalıdır", - o xatırladıb.
Əraqçi İsralin Livana hücumlarının davam etdiyini təəssüflə qabardıb: "Bununla belə, memorandumda qəbul edilmiş öhdəliklərə əsasən, bu təcavüzlərin dayandırılması, atəşkəsin bərqərar olması və qoşunların işğal olunmuş ərazilərdən çıxarılması üçün birbaşa məsuliyyət ABŞ hökumətinin üzərinə düşür".
Bundan başqa, o, F. Hüseynin Fars Körfəzi Ölkələri Əməkdaşlıq Şurasının üzvləri, İran və İraq arasında səkkiztərəfli danışıqların keçirilməsi təklifini alqışlayıb və bu məsələdə Bağdadla əməkdaşlığa hazır olduqlarını bəyan edib.






