Avtobloger sosial mediada bildirib ki, taksilərlə bağlı yeni problem müşahidə olunur.
Onun sözlərinə görə, 5 taksidən 4-ü sifarişi qəbul etdikdən sonra sərnişindən sifarişi ləğv etməsini xahiş edir.
O, bu vəziyyətin səbəbini bilmədiyini qeyd edir.
Həmçinin sosial mediada taksi xidməti ilə bağlı müxtəlif fikirlər səsləndirilir. İstifadəçilərin bir qismi sifarişlərin gec qəbul olunması və ya ümumiyyətlə, qəbul edilməməsindən şikayətlənir, başqaları isə sifariş qəbul edildikdən sonra onun ləğv olunması halları ilə qarşılaşdıqlarını bildirirlər.
Sürücülər isə bəzi hallarda sistemin avtomatik işlədiyini, sifarişlərin düzgün bölüşdürülmədiyini və bu səbəbdən çətinliklərin yarandığını deyirlər.
- Sərnişinlərin taksi tapa bilməməsi və sifarişlərin ləğv olunması nədən qaynaqlanır?
Məsələ ilə bağlı Yango şirkətinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib:
“Hazırda Yango platforması Bakıda normal rejimdə fəaliyyət göstərir və avtomobillərin tapılması və ya təyin edilməsi ilə bağlı hər hansı sistem xarakterli çətinliklər müşahidə olunmur. Tələb və təklif avtomatik şəkildə tarazlaşdırılır ki, bu da şəhər sakinləri üçün xidmətin əlçatanlığını təmin edir.
Platformadan istifadə qaydalarına əsasən, sifarişlər tətbiqdə göstərilən şərtlərə uyğun şəkildə yerinə yetirilməlidir. Biz bunu tərəfdaş daşıyıcılara mütəmadi olaraq xatırladır və xidmət standartlarının yaxşılaşdırılması istiqamətində davamlı iş aparırıq.
Əgər istifadəçi sürücünün səfəri ləğv etməyi xahiş etməsi ilə qarşılaşırsa, sifarişin ləğvi zamanı tətbiqdə bunun üçün xüsusi bir seçim - “Sürücünün xahişi ilə” düyməsi var. Biz istifadəçilərə məhz bu seçimi etməyi tövsiyə edirik.
Dəstək xidmətimiz platformadakı qarşılıqlı əlaqənin keyfiyyətini artırmaq məqsədilə bu cür siqnalları hər bir hal üzrə ayrıca təhlil edir”.
Günel Həsənova, Bizimyol.info






