İranın paytaxtı Tehranın beynəlxalq Mehrabad hava limanı fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Bizimyol.info xənər verir ki, bu barədə İranın SNN televiziya kanalı məlumat yayıb.
Məlumata görə, hava limanından həyata keçirilən bütün uçuşlar “ikinci bir xəbərdarlığa qədər” ləğv olunub və əməliyyatlar tam dayandırılıb.
Hadisənin səbəbləri ilə bağlı rəsmi açıqlama verilməsə də, İran mediası ölkənin qərbində yerləşən Kirmanşah şəhərində hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü bildirib. Bu məlumat bölgədə təhlükəsizlik vəziyyətinin gərginləşdiyini göstərir.
Mehrabad hava limanı əsasən daxili reyslər və regiondaxili uçuşlar üçün istifadə olunan Tehran şəhərinin ən mühüm hava nəqliyyatı mərkəzlərindən biridir. Onun fəaliyyətinin dayandırılması ölkə daxilində hava nəqliyyatına ciddi təsir göstərə bilər.
Hazırda vəziyyətlə bağlı əlavə rəsmi məlumat gözlənilir.
Qadir, Bizimyol.info






