Sankt-Peterburqda iqtisadi forumu böyük təntənə ilə açmağa hazırlaşarkən, oraya gözlənilməz “qonaqlar” – Ukrayna pilotsuz uçuş aparatları (PUA) “gəlib çatıb”.
Bizimyol.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan foto və videolara görə, əsas hədəf Baltiyada neft məhsullarının ən böyük terminalından biri olan yerli neft terminalı olub.
Qeyd etmək lazımdır ki, bu “qonaqların” gəlişi zamanlama baxımından olduqca dəqiq olub. Forum bu gün başlayır və cümə günü, 5 iyun tarixində, Kremlin lideri Vladimir Putin çıxış etməlidir.
Eyni zamanda məlumatlar var ki, PUA-lar Rusiyanın Tambov vilayətində, Miçurinsk şəhərində yerləşən “AO Proqress” müəssisəsini də hədəfə alıb. Bu müəssisə raket və aviasiya idarəetmə sistemləri üçün yüksək texnologiyalı avadanlıq istehsalı ilə tanınır.
Daha əvvəl, Ukrayna PUA-ları Rusiyanın cənubunda yerləşən iri neft emalı zavodlarından birinə zərbə endirib. Sözügedən müəssisə Krasnodar vilayətindəki “İlsky” neft emalı zavodudur. Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri “Neptun” qanadlı raketləri ilə Rostov vilayətindəki Novoşaxtinsk neft emalı zavoduna zərbə vurmuşdu.
Bundan başqa, Rusiyanın Taqanroq hava bazası da hücumlara məruz qalıb. Nəticədə "Tu-142" təyyarələri və digər hərbi avadanlıq məhv edilib. Eyni zamanda Rusiyanın “İskəndər” operativ-taktiki raket kompleksi də zərər görüb.
Qadir, Bizimyol.info






