BMT-nin Baş katibinin nümayəndəsi Stefan Düjarrik təşkilatın ciddi maliyyə böhranı ilə üzləşdiyini, lakin vəsaitin tam tükənəcəyi üçün konkret tarix deməyin mümkün olmadığını bildirib. O, “qiyamət günü” ssenarisinin əvvəlcədən müəyyən olunmuş vaxtının olmadığını vurğulayıb. Çin tərəfindən təxminən 800 milyon dollar ödəniş edilməsi müsbət addım kimi qiymətləndirilsə də, ümumi borclar və gecikmələr problemi həll etmir. Xüsusilə ABŞ və Çinin böyük məbləğdə üzvlük haqqını ödəməməsi BMT-nin maliyyə vəziyyətini daha da ağırlaşdırır.
- Böyük dövlətlərin üzvlük haqlarını gecikdirməsi BMT-nin qlobal rolunu zəiflədə bilərmi?
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, BMT-nin dünyada rolu getdikcə zəifləyir.
“Biz görürük ki, beynəlxalq səviyyədə demək olar ki, nə Amerika, nə Rusiya, nə də BMT-nin qərar və qətnamələrini qəbul edirlər. Yalnız BMT humanitar məqsədlər üçün istifadə olunur, ya da konkret olaraq bundan ibarətdir. İkinci Dünya müharibəsindən sonra yaradılan bu qurum hazırda XXI əsrdə yeni geosiyasi təhlükəsizlik çağırışlarına cavab vermir. BMT-nin Təhlükəsizlik Şurasının tərkibi də yenilənməli, çoxalmalı və müəyyən nizamnamələrində dəyişikliklər olunmalıdır”, – deyə politoloq bildirib. O qeyd edib ki, hazırda Amerika və Çin BMT-yə üzvlük haqqını ödəmirlər və bu da təşkilatın rolunu kifayət qədər zəiflədir.
Bu isə o deməkdir ki, böyük güclər ümumiyyətlə BMT-nin rolunu qəbul etmək istəmirlər. Onların şərtləri və həyata keçirdiyi addımlar BMT-nin nizamnaməsinə ziddiyyət təşkil edir. Göründüyü kimi, bu ölkələr BMT-nin rolunun inkişafında və beynəlxalq hüququn təmin olunmasında maraqlı deyillər.
Politoloqun fikrincə, bu səbəbdən də ABŞ-ın indiyə qədər qəbul etdiyi qərarlar da çox vaxt BMT-nin nizamnaməsinə zidd olub.
“Kiçik ölkələr BMT-nin qalmasında və beynəlxalq hüququn qorunmasında maraqlı olduqları üçün məhz kiçik ölkələrdən BMT-yə donorluq və üzvlük haqqı alınır. Amma Amerika da, Çin də yeni dünya nizamı qurmaq istədiklərinə görə BMT-nin rolunu zəiflətməkdə maraqlıdırlar”, – deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info






