Ukraynanın Pilotsuz Sistemlər Qüvvələri Rusiya ordusunun 64-cü motoatıcı briqadasının bazasına zərbə endirdiyini bildirib.
Bizimyol.info xəbər verir ki, məlumata görə, əməliyyat mayın 30-na keçən gecə həyata keçirilib.
Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdinin sözlərinə görə, zərbələr cəbhə xəttindən 70-100 kilometr aralıda yerləşən təlim poliqonları və hərbi düşərgələrə endirilib.
Əməliyyatda “Madyarın Quşları” kimi tanınan 414-cü briqadanın və 413-cü “Reyd” alayının pilotsuz uçuş aparatları iştirak edib. Ümumilikdə 21 dəqiq zərbənin qeydə alındığı bildirilir.
Ukrayna tərəfi ilkin məlumatlara əsasən azı 9 nəfərin öldüyünü, 9 nəfərin yaralandığını və 13 nəfərin itkin düşdüyünü açıqlayıb. Bununla yanaşı, itkilərin daha çox ola biləcəyi vurğulanıb.
Qeyd edək ki, bu məlumatlar Ukrayna hərbi mənbələri tərəfindən açıqlanıb və müstəqil şəkildə təsdiqlənməyib.
Bizimyol.info






