Ermənistanda 7 iyun parlament seçkiləri yaxınlaşdıqca Rusiya rəhbərliyi və Kremlə yaxın dairələrin Baş nazir Nikol Paşinyan əleyhinə ritorikası daha da sərtləşir. Sergey Şoyqunun KTMT toplantısındakı çıxışı da İrəvanın Qərbə yönələn siyasətinə Moskvanın narahatlığının açıq göstəricisi kimi qiymətləndirilir. Bu fonda seçkilərin Ermənistanın gələcək geosiyasi istiqamətini müəyyən edəcək kritik mərhələyə çevriləcəyi bildirilir.
Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yaxın dövrdə Ermənistan–Rusiya münasibətlərində ciddi dəyişiklik gözlənilmir və Nikol Paşinyanın hakimiyyətdə qalmaq ehtimalı yüksəkdir. Onun fikrincə, regionun geosiyasi reallığı Ermənistanı Rusiya ilə münasibətləri tam şəkildə pozmaqdan çəkindirir.
S. Hümbətov vurğulayır ki, Paşinyan zaman-zaman Moskva ilə münasibətlərdə müəyyən məsafə yaratmağa çalışsa da, bu daha çox siyasi manevr xarakteri daşıyır. Çünki Ermənistan həm təhlükəsizlik, həm iqtisadi, həm də strateji baxımdan hələ də Rusiyadan ciddi şəkildə asılı vəziyyətdədir.
“Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazası Moskvanın regiondakı əsas təsir alətlərindən biridir və yaxın illərdə həmin bazanın çıxarılması inandırıcı görünmür. Bununla yanaşı, Ermənistan iqtisadiyyatının mühüm hissəsində Rusiya kapitalı üstün mövqedədir. Xüsusilə dəmir yolları sistemi və bir sıra strateji sahələrdə Moskvanın təsiri açıq şəkildə hiss olunur”-deyən politoloqun sözlərinə görə, Rusiya Ermənistanın əsas iqtisadi tərəfdaşlarından biri olaraq qalır və bu amil İrəvanın siyasi qərarlarına birbaşa təsir edir. O hesab edir ki, Paşinyan müəyyən siyasi gedişlər etməyə çalışsa da, Rusiyadan tam uzaqlaşmaq üçün nə daxili, nə də regional şərtlər yetərli görünür.
Samir Hümbətovun qənaətincə, yaxın illərdə Ermənistan–Rusiya münasibətlərinin indiki formatda davam etməsi daha real ehtimal hesab olunur.
İradə Cəlil, Bizimyol.info






