Fransa, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin ölkə ərazisinə girişini qadağan edib. Buna səbəb onun Fələstinpərəst fəalların saxlanılması zamanı alçaldıcı rəftarı əks etdirən video olub.
Bizimyol.info xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jean-Noël Barrot "X" platformasında məlumat verib.
Nazirin sözlərinə görə, “bu gündən etibarən İtamar Ben-Qvirə Fransa ərazisinə giriş qadağan edilib”. Qərar onun Fransa və digər Avropa ölkələrinin vətəndaşlarına – “Sumud” adlı flotiliyanın (Qəzza zolağına humanitar və ya siyasi məqsədlə dəniz yolu ilə getməyə çalışan gəmilər qrupu) iştirakçılarına qarşı qəbuledilməz davranışı ilə əlaqələndirilib.
Bununla yanaşı, Fransa XİN rəhbəri həmin flotiliya təşəbbüsünü də tənqid edib. O bildirib ki, Paris bu təşəbbüsü “faydasız və yalnız diplomatik və konsulluq xidmətlərinə əlavə yük yaradan” bir addım hesab edir. Lakin o vurğulayıb ki, Fransa vətəndaşlarının hədələnməsi, qorxudulması və ya onlara qarşı güc tətbiqi qəbuledilməzdir, xüsusilə də bu, rəsmi şəxs tərəfindən baş verirsə. Barro həmçinin bir sıra israilli siyasətçilərin də bu davranışı pislədiyini qeyd edib. O, Avropa İttifaqını da Ben-Qvirə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Qeyd edək ki, İsrail nazirinin daha əvvəl "X" platformasında paylaşdığı videoda “Sumud” adlı Fələstinpərəst flotiliyanın fəallarının saxlanılması zamanı İsrail təhlükəsizlik qüvvələrinin onlara qarşı alçaldıcı davranışı əks olunmuşdu.
Bizimyol.info






