Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Anacláudia Rossbach: “WUF13 şəhərlərin gələcəyi üçün əsas qlobal platformadır”
Anacláudia Rossbach: “WUF13 şəhərlərin gələcəyi üçün əsas qlobal platformadır”

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anacláudia Rossbach Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) bağlanış mərasimində çıxış edərək Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

O, forumun yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq qeyd edib:

“Azərbaycan Respublikasının hökumətinə WUF13-ə ev sahibliyi etdiyinə görə dərin təşəkkürümü bildirirəm. Bu həftə ərzində nümayiş etdirilən qonaqpərvərlik, təşkilatçılıq və liderlik forumu həqiqətən qlobal toplantıya çevirdi”.

UN-Habitat rəsmisi forumun şəhərlərin gələcəyi ilə bağlı kollektiv fəaliyyət üçün ən mühüm platformalardan biri olduğunu deyib:

“Bu sessiya bir daha göstərdi ki, Ümumdünya Şəhərsalma Forumu şəhərlərin gələcəyi naminə kollektiv fəaliyyət üçün əsas qlobal platformadır”.

Anacláudia Rossbach forumun statistik göstəricilərini də açıqlayıb. Onun sözlərinə görə, WUF13-də 176 ölkədən 57 mindən çox iştirakçı yer alıb, 2 mindən çox şəxs isə tədbirə onlayn qoşulub.

Forum çərçivəsində:

  • 579 sessiya keçirilib;
  • Urban Expo-da 260 sərgi iştirakçısı və innovasiya nümayəndəsi təmsil olunub;
  • sərgini 74 mindən çox insan ziyarət edib;
  • tədbiri 865 media nümayəndəsi işıqlandırıb.

O bildirib ki, iştirakçıların 55 faizini qadınlar və qızlar təşkil edib. Forumda həmçinin 11 dövlət başçısı, 88 nazir, 76 nazir müavini və 130 mer iştirak edib.

UN-Habitatın icraçı direktoru qeyd edib ki, forumun builki “Hamı üçün yaşayış: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu hazırkı qlobal çağırışlar fonunda xüsusi aktuallıq daşıyır:

“Biz milyardlarla insana təsir edən qlobal böhranların yaşandığı dövrdə bir araya gəldik. Urbanizasiya təzyiqləri, iqlim dəyişiklikləri, məcburi köçkünlük və mənzil şəraitinin pisləşməsi artıq bütün dünya üçün ciddi çağırışa çevrilib”.

O vurğulayıb ki, mənzil məsələsi artıq yalnız sosial məsələ deyil, şəhərlərin və cəmiyyətlərin gələcəyini müəyyən edən əsas amillərdən biridir.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »