Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Akif Nəsirli: “Azərbaycan üçün əsas məsələlərdən biri yalnız xammal ixracını artırmaq deyil...”
Akif Nəsirli: “Azərbaycan üçün əsas məsələlərdən biri yalnız xammal ixracını artırmaq deyil...”

2026-cı ilin I rübündə Azərbaycanın pambıq lifi ixracı 41,7 min ton olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55,9% çoxdur.

Bizimyol.info xəbər verir ki, ixracın dəyəri 57,1 milyon dollar təşkil edib və illik müqayisədə 44,6% artıb.

Bir ton pambığın orta ixrac qiyməti 1 372 dollar olub, bu da ötən illə müqayisədə 7,2% azdır.

Türkiyə əsas alıcı olaraq qalır- bu ölkəyə ixrac 63,5% artaraq 40,5 min tona çatıb. İrana ixrac 1 023 ton, Rusiyaya isə 126 ton olub. Ötən ilin eyni dövründə Türkmənistana 1 263 ton pambıq göndərilsə də bu il ixrac dayanıb.

  • Bəs pambıq lifi ixracında artımın əsas səbəbləri nədir? Azərbaycanın pambıq ixracında Türkiyədən asılılığı risk yaradırmı?

Bu barədə Bizimyol.info xəbər portalına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, pambıqçılığın yenidən prioritet kənd təsərrüfatı sahələrindən birinə çevrilməsi istehsal həcmlərinə təsir edib: ”2026-cı ilin ilk rübündə Azərbaycanın pambıq lifi ixracında müşahidə olunan ciddi artım bir neçə amillə bağlıdır. Əvvəla, son illərdə pambıqçılığın yenidən prioritet kənd təsərrüfatı sahələrindən birinə çevrilməsi istehsal həcmlərinə təsir edib. Dövlət subsidiyaları, əkin sahələrinin genişləndirilməsi və pambıq emalı müəssisələrinin fəaliyyətinin artırılması ixrac potensialını yüksəldib. Bunun nəticəsində xarici bazarlara daha çox məhsul çıxarmaq mümkün olub.

Başqa mühüm səbəb Türkiyədə toxuculuq sənayesinin yüksək xammal tələbatıdır. Türkiyə dünyanın ən böyük tekstil istehsalçılarından biridir və pambıq lifinə davamlı ehtiyac duyur. Azərbaycan isə coğrafi yaxınlıq, logistika üstünlükləri və ticarət əlaqələrinin genişliyi səbəbindən Türkiyə bazarı üçün əlverişli təchizatçı sayılır. Xüsusilə son illərdə qlobal logistika xərclərinin artması yaxın bazarlardan tədarükü daha cəlbedici edib. Bu da Azərbaycanın Türkiyəyə ixracını sürətləndirib.

Bununla yanaşı, ixrac həcmi artsa da, bir ton pambığın orta qiymətinin 7,2 faiz azalması göstərir ki, dünya bazarında pambığın qiymətində müəyyən zəifləmə var. Eyni zamanda Azərbaycan pambığının lif çıxımı aşağıdır, bu da qiymətə təsir edər. Azərbaycan isə daha çox məhsul sataraq ümumi gəliri artırıb, amma vahid məhsul üzrə gəlirlilik azalıb. Bu isə qlobal bazarda təklifin artması və rəqabətin güclənməsi ilə bağlı ola bilər”.

Akif Nəsirli həmçinin deyib: “Əsas risklərdən biri Azərbaycanın pambıq ixracında Türkiyədən həddindən artıq asılı vəziyyətə düşməsidir. Statistikaya görə, ixracın böyük hissəsi məhz Türkiyənin payına düşür. Bu isə o deməkdir ki, Türkiyə bazarında hər hansı iqtisadi geriləmə, tekstil sektorunda zəifləmə və ya ticarət siyasətində dəyişiklik Azərbaycanın pambıq ixracına birbaşa təsir göstərə bilər. Məsələn, Türkiyə alternativ bazarlara yönəlsə və ya daxili istehsalı artırsa, Azərbaycan üçün ixrac imkanları darala bilər.

Digər tərəfdən, bir bazardan asılılıq qiymət baxımından da risk yaradır. Əsas alıcı ölkə üstün mövqedə olduqda qiymətlərə daha çox təsir imkanına malik olur. Bu isə ixracatçı ölkənin gəlirlərini azalda bilər. Hazırda pambığın orta ixrac qiymətinin aşağı düşməsi də müəyyən mənada bazarda alıcı üstünlüyünün artdığını göstərir”.

Akif Nəsirli əlavə edib: “Türkmənistana ixracın tam dayanması və Rusiyaya ixracın çox aşağı səviyyədə qalması Azərbaycanın bazar diversifikasiyası baxımından zəif vəziyyətdə olduğunu göstərir. Əgər ixrac coğrafiyası genişlənməsə, gələcəkdə hər hansı regional və ya siyasi dəyişiklik pambıq sektorunda ciddi gəlir itkisinə səbəb ola bilər. Buna görə də Azərbaycan üçün əsas məsələlərdən biri yalnız xammal ixracını artırmaq deyil, eyni zamanda yeni bazarlar tapmaq və pambığı emal olunmuş məhsul şəklində ixrac etməyə çalışmaqdır. Çünki hazır məhsul ixracı daha yüksək gəlir gətirir və iqtisadiyyatı xammal asılılığından qismən qoruyur”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »