Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində iştirak edən müxtəlif ölkələrin nümayəndələri şəhərsalma, sosial mənzil təminatı və urbanizasiya ilə bağlı təcrübələrini bölüşürlər.
Forumda iştirak edən Niger nümayəndəsi, Commercial Marketing Director vəzifəsində çalışan Adama Kouanda Bizimyol.info-ya açıqlamasında ölkəsində sosial mənzil sahəsində həyata keçirilən islahatlardan və mövcud problemlərdən danışıb.
O bildirib ki, Nigerdə sosial mənzil təminatı dövlət üçün prioritet məsələlərdən biri hesab olunur. Xüsusilə şəhərlərdə əhali artımının sürətlənməsi və urbanizasiya prosesinin genişlənməsi mənzilə olan tələbatı daha da artırır. Bu isə əlçatan və münasib qiymətli yaşayış evlərinin tikintisini vacib edir.
Adama Kouandanın sözlərinə görə, sosial mənzil siyasətinin təkmilləşdirilməsi istiqamətində dövlət səviyyəsində müxtəlif addımlar atılır. O qeyd edib ki, bir sıra Afrika ölkələrində olduğu kimi, Nigerdə də əsas problemlərdən biri vətəndaşların maliyyə imkanları ilə mənzil qiymətləri arasındakı fərqdir. Bu səbəbdən dövlət həm qiymətlərin tənzimlənməsi, həm də sosial ev layihələrinin genişləndirilməsi üzərində işləyir.
Nümayəndə vurğulayıb ki, mənzil siyasətinin uğurlu olması üçün yalnız yaşayış binalarının tikilməsi kifayət deyil. Bununla yanaşı yolların çəkilməsi, drenaj sistemlərinin qurulması, kommunal xidmətlərin yaxşılaşdırılması və şəhər infrastrukturunun inkişafı da mühüm rol oynayır.
O əlavə edib ki, urbanizasiya ilə bağlı çağırışlar yalnız Niger üçün deyil, bir çox inkişaf etməkdə olan ölkələr üçün aktualdır. Bu baxımdan beynəlxalq forumlar ölkələrin təcrübə mübadiləsi aparması və yeni həll yolları tapması üçün mühüm platformadır.
Leyla Mirzə






