Ermənistanda keçiriləcək parlament seçkiləri artıq təkcə İrəvanın daxili siyasi gündəliyi kimi qiymətləndirilmir. Bu seçkilər həm regionda formalaşan yeni geosiyasi düzənin, həm də Azərbaycan-Ermənistan münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyinin göstəricilərindən biri hesab olunur.
Son illər tərəflər arasında yaranan diplomatik təmaslar, siyasi dialoq cəhdləri və qarşılıqlı mesajlar fonunda əvvəllər mümkünsüz görünən məsələlər belə artıq açıq şəkildə müzakirə olunur. Bu baxımdan Azərbaycan nümayəndələrinin Ermənistan seçkilərində hər hansı beynəlxalq platforma çərçivəsində müşahidəçi kimi iştirak ehtimalı da diqqət çəkən mövzulardan birinə çevrilib.
Milli Məclisin deputatı Fariz İsmayılzadə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masada jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, son dövrlərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müəyyən praktik addımlar müşahidə olunur. Onun sözlərinə görə, qarşılıqlı etimad mühitinin formalaşması baxımından həm iqtisadi, həm də humanitar təmasların genişlənməsi artıq hiss olunur.
Deputat deyib ki, müəyyən ticarət əlaqələrinin yaranması, Azərbaycanın öz məhsullarını regional bazarlara çıxarması və eyni zamanda tranzit ölkə kimi logistika imkanlarını təqdim etməsi yeni mərhələnin elementləri kimi qiymətləndirilə bilər. O bildirib ki, son 35 ildə ilk dəfə olaraq Azərbaycan rəhbərliyinin Ermənistanda keçirilən beynəlxalq tədbirə videoformatda müraciət etməsi də siyasi baxımdan kifayət qədər simvolik hadisə idi və regionda yaranan yeni reallığın göstəricilərindən biri hesab oluna bilər.
Fariz İsmayılzadənin sözlərinə görə, müxtəlif platformalarda parlament nümayəndələri, ekspertlər, vətəndaş cəmiyyəti institutları və qeyri-hökumət təşkilatları arasında keçirilən görüşlər də bu prosesin davam etdiyini göstərir. Baş nazir müavinləri səviyyəsində aparılan təmaslar isə münasibətlərin artıq daha institusional mərhələyə keçməyə başladığını göstərən amillərdən biridir. Deputat hesab edir ki, bütün bunlar regionda sülh və qarşılıqlı anlaşma istiqamətində müəyyən siyasi iradənin formalaşdığını göstərir.
Ermənistanda keçiriləcək parlament seçkilərinə münasibət bildirən deputat vurğulayıb ki, beynəlxalq müşahidəçilik mexanizmləri müxtəlif formatlarda həyata keçirilə bilər. Bu proses beynəlxalq təşkilatlar, parlament platformaları, ikitərəfli razılaşmalar, seçki ekspertləri və vətəndaş cəmiyyəti institutları vasitəsilə təşkil oluna bilər. Onun fikrincə, beynəlxalq müşahidəçilik institutu kifayət qədər mürəkkəb və çoxşaxəli mexanizmdir və burada həm siyasi, həm hüquqi, həm də texniki elementlər mühüm rol oynayır.
Fariz İsmayılzadə onu da qeyd edib ki, regionda baş verən proseslər artıq əvvəlki dövrlərdən fərqli mərhələyə keçib və Cənubi Qafqazda yeni siyasi reallıq formalaşıb. Bu reallıq fonunda tərəflər arasında dialoqun davam etməsi və müxtəlif platformalarda təmasların genişlənməsi gələcək proseslər baxımından diqqətlə izlənilir.
İradə Cəlil, Bizimyol.info






