Türkiyə ilə Ermənistan arasında 2022-ci ildən davam edən normallaşma prosesi çərçivəsində birbaşa ticarətin başlanmasına dair bürokratik hazırlıqlar 11 May 2026 tarixinə qədər tamamlanıb. Ortaq sərhədin açılmasına dair texniki və inzibati işlər isə hələ də davam edir və proses mərhələli şəkildə irəliləyir. Yeni qaydalara əsasən, Türkiyə üzərindən üçüncü ölkələrə və oradan Ermənistan istiqamətinə gedən ticarətdə marşrut və təyinat məlumatlarının “Ermənistan-Türkiyə” kimi göstərilməsi mümkün olub.
Bu addım Cənubi Qafqazda iqtisadi əməkdaşlığın genişlənməsinə və siyasi normallaşma prosesinin daha da sürətlənməsinə şərait yarada bilərmi?
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan və Türkiyə arasında son dörd il ərzində kifayət qədər intensiv normallaşma prosesi həyata keçirilir. Bu çərçivədə tərəflər münasibətlərin tənzimlənməsi üçün səlahiyyətli nümayəndələr təyin ediblər və artıq bir sıra istiqamətlər üzrə konkret addımlar atılıb.
“Müzakirə olunan məsələlərə üçüncü ölkə vətəndaşlarının sərhəddən keçidi, gələcək sərhəd buraxılış məntəqələrinin texniki hazırlığı, enerji sistemlərinin perspektivdə əlaqələndirilməsi, dəmiryolu xətlərinin müasir standartlara uyğun yenidən qurulması və digər mühüm sahələr daxildir. Artıq Türkiyə ilə Ermənistan arasında təyyarə reyslərinin həyata keçirilməsinə başlanması da bu prosesin praktiki nəticələrindən biri kimi qiymətləndirilir və yaxın dövrlərdə müəyyən ticarət dövriyyəsinin də formalaşacağı gözlənilir”-deyən politoloq bildirib ki, bu kontekstdə Ermənistan–Türkiyə münasibətlərinin normallaşması, təbii ki, Azərbaycanla koordinasiyalı şəkildə aparılır.
Oqtay Qasımov vurğulayıb ki, Türkiyə və Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasını əlaqələndirilmiş siyasət çərçivəsində həyata keçirirlər. Eyni zamanda, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivi regionun ümumi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişə bilər: “Belə bir vəziyyətdə Cənubi Qafqazda daha rasional, konstruktiv və əməkdaşlığa əsaslanan mühitin formalaşması mümkün görünür. Bu isə gələcəkdə ticarətin, nəqliyyat əlaqələrinin və iqtisadi əməkdaşlığın genişlənməsinə ciddi töhfə verə bilər. Türkiyə–Ermənistan normallaşması Azərbaycan–Ermənistan sülh prosesi ilə birlikdə kompleks şəkildə qiymətləndirilməli və regionun ümumi sülh və əməkdaşlıq coğrafiyasına çevrilməsi baxımından nəzərdən keçirilməlidir”…
İradə Cəlil, Bizimyol.info






