Günay Hüseynova: “Kəndli və sahibkar daha çox bazarda hansı məhsul baha satılırsa, onu istehsal etməyə üstünlük verir”
“2026-cı ilin mart ayının nəticələrinə əsasən inflyasiya 5,6 % təşkil edib. O cümlədən, ərzaq inflyasiyası 6,5%, qeyri-ərzaq inflyasiyası 3,7 %, ödənişli xidmətlər üzrə inflyasiya isə 5,7% təşkil edib. Mart ayının nəticələrinə əsasən, illik baza inflyasiya isə 5,5% səviyyəsində formalaşıb”.
Bizimyol.info xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Bankın İdarə Heyətinin faiz dəhlizi parametrləri barədə qərarına həsr olunmuş mətbuat konfransında deyib. Sədr bildirib ki, inflyasiyaya təklif və tələb amilləri təsir edir: “Azərbaycanda isə inflyasiyaya əsasən təklif amilləri təsir edir və başlıca amil ticarət tərəfdaşlarının orta çəkili inflyasiyasıdır. 2025-ci ilin dekabrında ticarət tərəfdaşlarının orta çəkili inflyasiyası 7,5 % səviyyəsində formalaşıb. Bu da mart ayının inflyasiyasına 2,79 % bəndi artıcı təsir edib”.
- Azərbaycanda inflyasiyaya daha çox hansı amillər təsir edir? Ərzaq qiymətlərində artımın əsas səbəbi nədir?
Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, qeyri neft sektorunun inkişafına illərlə külli miqdarda vəsait ayrılır: “Mərkəzi Bank sədrinin qeyd etdiyi kimi hal hazırda inflyasiya səviyyəsinin yüksəlməsinə səbəb məhz idxal inflyasiyası ilə əlaqədardır. Yüksək inflyasiyanın qarşısının alınması məqsədi ilə valyutaya müdaxilə edilərək sabitliyi qorunur. Əgər Azərbaycan iqtisadiyyatında valyuta stabil deyil, digər ölkələrdəki kimi dəyişkən olsaydı vəziyyət daha da çıxılmaz hal alardı. Əslində neft gəlirləri hesabına tənzimlənir. Təbii ehtiyatların tükənən olması da məlumdur. Onun üçün də qeyri neft sektorunun inkişafına illərlə külli miqdarda vəsait ayrılır. Lakin istənilən nəticə hələ də yoxdur. İstənilən nəticə əldə edilməsi üçün qeyri neft sektorunun gəlirləri neft gəlirləri ilə paralel olmalı və ya ötməlidir. Bu da, hal -hazırkı vəziyyətdə mümkün deyil”.
Günay Hüseynova deyib: “İnflyasiyanın səviyyəsinin aşağı düşməsi üçün ilk növbədə kənd təsərrüfatı sektorunda daxili tələbatı ödəməli, eyni zamanda idxalçı deyil, ixracatçı ölkəyə çevrilməliyik. Mağaza vitrinlərində isə hansı məhsulun arxasını çevirsək, “Made in Russia” və ya “Made in Türkiye” yazıları ilə qarşılaşırıq. İdxal hər bir ölkədə var, lakin bu o demək deyil ki, hər 10 məhsuldan 9-u idxal olsun.
İkinci bir əsas məsələ keyfiyyət amilidir. Bu da önəmli faktordur. Əgər daxili bazarda istehsal olunan məhsulun keyfiyyəti, həmçinin qiyməti istehlakçını qane etsə bazardan ixrac məhsulunu çıxardar. Həmçinin keyfiyyət və qiymət amili uyğun olsa, xarici ölkə bazarlarında da yerli məhsullarımız satılar”.
Günay Hüseynova vurğulayıb: “Ərzaq məhsullarının artımının əsas səbəblərinə qaldıqda ilk səbəb yerli istehsalın, əkin biçinin yox səviyyəsində olmasıdır. Bundan əlavə planlı əkin yoxdur. Kəndli və sahibkar daha çox bazarda hansı məhsul baha satılırsa, onu istehsal etməyə üstünlük verir və istehsal etdiyi məhsulu Rusiya bazarına ixrac edərək valyuta gəliri əldə etmək prinsipindədir. Belə bir mühitdə əlbəttə ki qiymət artar”.
Günay Hüseynova əlavə edib:” “Ərzaq inflyasiyasının qarşısını almaq üçün yerində baxış keçirib, şəxsi olaraq sistemli şəkildə subsidiya vermək lazımdır. “Hər torpaqda hər məhsulu əkmək olmaz” və ya “baha satacam” deyə bazarda qıtlıq yaradıb qiymət yüksəktmək düzgün deyil. Onun üçün də planlı və sistemli şəkildə islahata ehtiyac var. Bir gün Mərkəzi Bank valyutaya müdaxilə etməyə bilər, bu zaman artıq çıxış yolu tapmaq çox çətinləşəcək”.
Günel Həsənova, Bizimyol.info






