"Sənəd və ya əşyanın sahibi müəyyən edilməzsə, onlar bir ay müddətində Tapıntılar Bürosunda saxlanılır”.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı metrosunda itirilən əşyaların taleyi və onların sahiblərinə qaytarılması prosesi ilə bağlı məsələyə aydınlıq gətirib. Bununla bağlı Daxili İşlər Nazirliyindən sorğumuza cavab verilib. Qurumun rəsmisi bildirib ki, tapılan əşyalar müəyyən müddət xüsusi nəzarətdə saxlanılır və sahiblərinin tapılması üçün müvafiq tədbirlər görülür.
- Belə hallarla qarşılaşan vətəndaşlar metroda itirdikləri əşyaları tapmaq üçün hansı qurumlara və necə müraciət etməlidirlər?
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, əşyanın sahibinin müəyyənləşdirilməsi üçün bütün mümkün vasitələrdən istifadə olunur.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Bizimyol.info xəbər portalına bildirib ki, əşyalar ilkin olaraq stansiyadakı polis idarəsinin növbətçi hissəsinə təhvil verilir: “Bakı Metropolitenində itirilmiş əşyalar polis əməkdaşları tərəfindən aşkarlandıqda ilkin olaraq stansiyadakı polis idarəsinin növbətçi hissəsinə təhvil verilir. Daha sonra əşyalar xüsusi saxlanc yerində qorunaraq saxlanılır. Əgər sənəd və ya əşyanın sahibi müəyyən edilməzsə, onlar bir ay müddətində Tapıntılar Bürosunda saxlanılır. Bu müddət ərzində sahibinin müəyyənləşdirilməsi üçün bütün mümkün vasitələrdən istifadə olunur. Əgər bu dövrdə heç kim müraciət etməzsə, əşyalar qanunvericiliyə uyğun şəkildə aidiyyəti qurumlara təhvil verilir”.
Günel Həsənova, Bizimyol.info






