Ermənistan parlamentinin sədri Alen Simonyan Belarusun müstəqilliyini şübhə altına alan açıqlamaları ilə bağlı qalmaqalın medianın böyütdüyünü bildirir və söylədiklərindən peşman olmadığını deyir.
Bizimyol.info xəbər verir ki, bu barədə o, parlamentdə brifinq zamanı jurnalistlərə bildirib.
“Nədən peşman olmalıyam, başa düşmürəm. Ermənistan vilayət olmayacaq, Ermənistan siyasi asılılıq altında olmayacaq, Ermənistan suverenliyinin səviyyəsini yüksəldəcək və Belarus nümunəsi mənim ölkəm üçün qəbuledilməzdir. Mən hesab edirəm ki, Belarus mövzusu bir az şişirdilib və siz bunu daha da böyüdürsünüz”, – deyə spiker qeyd edib.
Simonyanın sözlərinə görə, hər bir ölkə öz siyasi kursunu müstəqil şəkildə seçir və o, Ermənistan hakimiyyətinin “demokratiya yolunu seçdiyini” düşünür. Eyni zamanda, o, Belarus rəhbərliyini tənqid edərək onlara “çoxlu kartof yetişdirmə prosesini düşünməyi” tövsiyə edib.
1 may tarixində Simonyan ictimai televiziya ilə müsahibəsində Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı siyasi əməliyyat keçirməyə çalışdığını iddia edib. O, bu vəziyyəti Belarusla müqayisə edərək bildirib ki, Belarus “Rusiyanın idarəçiliyi altında”dır.
5 mayda Ermənistanın Minskdəki müvəqqəti işlər vəkili vasitəsilə Yerevanın bu hərəkətlərinə etiraz bildirilib.
Qadir, Bizimyol.info






