Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim dünyasını dəyişdi
Milli Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim dünyasını dəyişdi

Aprelin 30-da Milli Onkologiya Mərkəzində partlayış zamanı yaralanan radiasiya onkoloqu Asif Nəsirli dünyasını dəyişib.

Bizimyol.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

44 yaşlı Asif Nəsirli aprelin 30-da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Bir neçə gündür onun həyatını xilas etmək üçün həkim həmkarları mübarizə aparsalar da, nəticəsi olmadı.

Asif Nəsirli 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2005-2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura, 2006-2008-ci illərdə isə kliniki ordinatura pilləsini keçib.

Həkim-radioloq Asif Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışıb.

Xatırladaq ki, aprelin 30-da onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Mübariz Əliyev özü ilə gətirdiyi partlayıcı vasitəni Milli Onkologiya Mərkəzinin Radiologiya şöbəsində partladıb.

Baş vermiş partlayış nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, ağır bədən xəsarətləri alan həkim Asif Nəsirli isə ağır yaralanıb.

Hadisədən sonra fakt üzrə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir. Hadisənin başvermə şəraiti və səbəbləri, partlayıcı maddənin əldə edilmə mənbəyi və digər sübut edilməli olan halların müəyyənləşdirilməsi istiqamətində aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »