Gəncədə tələbələr ağac kəsimindən narazılıq ediblər.
Bizimyol.info xəbər verir ki, Texnologiya Universitetinin bəzi tələbələri ağacların kəsilməsinə etiraz ediblər. Deyirlər ki, rektor Yaşar Ömərov universitetdəki yaşıllıqları məhv etdirir. Ümumilikdə 4 ağacın kəsildiyi qeydə alınıb. Tələbələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin susqunluğunda da etiraz edirlər.
- Bu məsələdən xəbəriniz varmı?
- Nə baş verir? Ağaclar hansı səbəbdən kəsilə bilər?
Yaranan suallarla bağlı Gəncə şəhəri Texnologiya Universitetinə sorğu ünvanladıq. Universitetdən Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, 04.05.2026-cı il tarixində MeydanTV platformasında Azərbaycan Texnologiya Universiteti ilə bağlı yayımlanmış videosüjetdə səsləndirilən məlumatlar həqiqəti əks etdirmir və məsələ kontekstdən çıxarılmış şəkildə təqdim olunmuşdur: “Qeyd olunan ərazidə ağacların kəsilməsi ilə bağlı iddialar əsassızdır. Universitetin ərazisində qış mövsümünün sonunda – cari ilin fevral ayının əvvəlində aqrotexniki qulluq tədbirləri çərçivəsində yalnız meyvə ağaclarının mövsümi budanması həyata keçirilmişdir”.
Günel Həsənova, Bizimyol.info






