Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı oyunun qaydalarını müəyyən edir: Avropa seçim qarşısında
Bakı oyunun qaydalarını müəyyən edir: Avropa seçim qarşısında

Ceyhun Bayramov ilə Kaja Kallas arasında keçirilən görüşdə Azərbaycan ilə Avropa Birliyi arasında münasibətlərin geniş spektri müzakirə olunub. Tərəflər siyasi dialoq və institusional əməkdaşlığın inkişaf etdirilməsi ilə yanaşı, tərəfdaşlıq gündəliyinin daha da gücləndirilməsi imkanlarını dəyərləndiriblər. Xüsusilə enerji sahəsində əməkdaşlıq və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi rolu ön plana çəkilib. Bununla yanaşı, ticarət, investisiya, rəqəmsallaşdırma, innovasiya və Orta Dəhliz kimi nəqliyyat layihələrinin inkişafı da əsas müzakirə mövzularından biri olub.

  • Görüşdə həmçinin münaqişədən sonrakı bərpa, humanitar mina təmizləmə işləri və regionda davamlı sülhün təmin olunmasının vacibliyi vurğulanıb. Bu görüş Azərbaycanın Avropa ilə gələcək iqtisadi və siyasi əlaqələrinə necə təsir göstərə bilər?

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər BadamovBizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın xarici siyasətində Avropa təsisatları ilə əlaqələrə bir daha xüsusilə toxunmaq lazımdır. O baxımdan ki, Azərbaycan xarici siyasətində tərəf seçmədən kifayət qədər açıq mövqe ortaya qoyur. Bu mövqe qarşılıqlı hörmətə və marağa dayanır. Bunu Avropa Parlamenti və sülhə mane olan istənilən tərəf artıq başa düşməlidir. Başa düşülməlidir ki, yaradılan reallıq sülhə və quruculuğa əsaslanır və bunun əksinə icazə verilməyəcək. Azərbaycan özünü illər ərzində etibarlı tərəfdaş kimi sübut etməyi bacarıb.

Deputat vurğulayıb ki, Azərbaycanın sərgilədiyi mövqe hər kəs üçün keçərlidir. Yəni, heç bir halda Azərbaycanla təhdid, təzyiq və ya Azərbaycanın yaratdığı sülhü sabotaj etmək yolu ilə danışmaq olmaz.

“Azərbaycan regionda ticarət, nəqliyyat və logistika marşrutlarının açılmasında israrlıdır. Bu istiqamətdə əməkdaşlığa ilk gündən etibarən həm regional, həm də beynəlxalq aktorları dəvət etmişik. Təəssüflər olsun ki, Avropa təsisatlarından bu dürüst yanaşmanın şahidi olmadıq. Avropa Parlamenti Azərbaycana qarşı son dərəcə qərəzli mövqe ortaya qoydu ki, bu da siyasi tərəfdaşlıq prinsipləri ilə daban-dabana ziddir.

Bu məqamda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallasın Azərbaycana səfəri müsbət qiymətləndirilməlidir. Çünki heç bir tərəflə münasibətlərin gərginləşdirilməsi heç kimə fayda gətirməyəcək”, – deyə deputat qeyd edib.

Deputat hesab edir ki, Avropa Parlamenti də digər Avropa təsisatları kimi artıq Cənubi Qafqazda yaranmış reallığı qəbul etməli və böyük çətinliklərlə əldə olunan sülhə hörmət göstərməlidir. Onun sözlərinə görə, Kaja Kallas Azərbaycanın regiondakı rolunu müsbət dəyərləndirib və bu da müsbət məqamdır. Azərbaycanla Ermənistan arasında sülh məsələsi artıq tarixi fürsətə çevrilib. Əgər Avropa İttifaqı bu prosesi dəstəkləmək niyyətindədirsə, bu yalnız bəyanatlarla deyil, konkret addımlarla sübut olunmalıdır: “Azərbaycan heç bir tərəflə münasibətlərin kəskinləşməsini istəmir. Hansısa tərəf münasibətləri gərginləşdirirsə, bu, Azərbaycan amilindən qaynaqlanmır. Orta Dəhlizin reallaşması mövcud siyasi və iqtisadi şəraitdə bütün tərəflərə, o cümlədən Avropa İttifaqına ciddi dividendlər qazandıra bilər. Əməkdaşlıq imkanlarını və mövcud potensialı düzgün qiymətləndirmək lazımdır”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »