İran mayın 4-də, bazar ertəsi rəsmi şəkildə ABŞ qüvvələrinə Hörmüz boğazından uzaq durmaları barədə xəbərdarlıq edib.
Bizimyol.info xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, bu xəbərdarlıq ABŞ prezidenti Donald Trampın Fars körfəzində qapalı vəziyyətdə qalan gəmiləri “çıxarmaq” niyyətini açıqlamasından sonra edilib.
Gəmilər İran əleyhinə davam edən ABŞ-İsrail müharibəsi səbəbindən artıq iki aydan çoxdur ki, bu strateji su yolunda tələyə düşüb. Tramp qida və digər zəruri ehtiyatların ciddi çatışmazlığından əziyyət çəkən gəmi heyətlərinə necə yardım ediləcəyi ilə bağlı planın təfərrüatlarını açıqlamayıb.
“Biz bu ölkələrə bildirdik ki, onların gəmilərini bu qapalı su yollarından təhlükəsiz şəkildə çıxaracağıq ki, onlar sərbəst və maneəsiz fəaliyyətlərini davam etdirə bilsinlər”, – deyə Tramp bazar günü "Truth Social" sosial şəbəkəsində yazıb.
Regionda vəziyyət gərgin olaraq qalır. Məlumatlara görə, Hörmüz boğazında daha bir tanker atəşə tutulub və mərmi dəyməsi barədə xəbər verib. İran tərəfi ABŞ-ın tətbiq etdiyi blokadanın dərhal dayandırılmasını tələb edir. Gərginliyin artması fonunda nüvə danışıqları da rəsmi şəkildə təxirə salınıb.
İran bildirir ki, ABŞ donanmasının qapalı su yollarına hər hansı müdaxiləsi təxribat kimi qiymətləndiriləcək.
Qadir, Bizimyol.info






