Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hesab edir ki, zaman keçdikcə Ukrayna münaqişəsinin nizamlanması üzrə diplomatik səylər güclənəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə Kreml nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.
“Zamanla, əlbəttə, Ukrayna istiqamətində diplomatik fəallığın artacağına ümid edirik”, - deyə o qeyd edib.
Peskovun sözlərinə görə, ABŞ Ukrayna məsələsindən yayınmayıb, sadəcə hazırda diqqətini daha çox İrana yönəldib: “ABŞ Ukraynadakı nizamlanma prosesindən uzaqlaşmayıb. Sadəcə indi onlar daha çox İranla məşğuldurlar. Çünki İran ABŞ-ın apardığı bir müharibədir. Buna görə də hazırda əsas diqqət İran hadisələrinə yönəlib və Ukrayna üzrə sülh prosesində müəyyən fasilə yaranıb”, - deyə bildirib.
O əlavə edib ki, Rusiya hərbi əməliyyatları davam etdirir və “ordumuz bütün cəbhə xətti boyunca irəliləyir”. Peskovun sözlərinə görə, bu faktı beynəlxalq ekspertlər də təsdiqləyir, həmçinin “Kiyev rejiminin hərbçiləri də bunu etiraf edirlər.”
Bizimyol.info






