Fransada penitensiar sistem işçilərinin ən böyük həmkarlar ittifaqlarından biri olan Ufap-Unsa, həbsxanalardakı həddindən artıq doluluq və nəzarətçi çatışmazlığı probleminin həlli üçün təcili tədbirlər tələb edərək tətil keçirəcəyini elan edib.
Etiraz aksiyalarının ölkədə fəaliyyət göstərən 190 həbsxanadan təxminən 80-də keçirilməsi planlaşdırılır. Tətil zamanı məhkumlarla görüşlərin ləğvi və bəzi gündəlik prosedurların dayandırılması mümkündür, lakin tədbirlərin yekun forması hələ də dəqiqləşdirilir.
Həmkarlar ittifaqı bildirir ki, Fransanın penitensiar sistemi artıq “imkanlarının son həddində” işləyir. Mart ayının məlumatlarına görə, həbsxanalarda doluluq səviyyəsi 137,5%-ə çatıb və mövcud dinamika davam edərsə, məhkumların sayı 90 minə yaxınlaşa bilər.
İşçilər xüsusilə yay aylarında vəziyyətin daha da ağırlaşacağını, sıxlıq səbəbindən kameralarda şəraitin dözülməz hala gəldiyini vurğulayırlar.
Əsas problemlərdən biri də kadr çatışmazlığıdır: sistemdə təxminən 5 min nəzarətçi çatışmadığı bildirilir.
Fransa Ədliyyə Nazirliyi yaxın illərdə əlavə 3 min həbsxana yeri yaradılacağını, bunun yarısının 2027-ci ilə qədər istifadəyə veriləcəyini açıqlayıb. Ədliyyə naziri Jerald Darmanen xarici məhkumların deportasiyasının artırılmasını dəstəkləsə də, sistem daxilində bunun vəziyyətə ciddi təsir etməyəcəyi düşünülür.
Daha əvvəl Fransa hökumətində fəaliyyətsiz qocalar evlərinin həbsxanaya çevrilməsi imkanları da müzakirə olunmuşdu.
Bizimyol.info






