Pentaqon əməkdaşları ABŞ-ın İrana qarşı müharibəsində dəstək verməyə hazır olmayan NATO müttəfiqlərinin cəzalandırılması variantlarını müzakirə edirlər.
Bizimyol.info xəbər verir ki, "Reuters" agentliyinin mənbəyə istinadən yazdığına görə, təklif olunan variantlar arasında İspaniyanın NATO üzvlüyünün dayandırılması və Vaşinqtonun Folklend (Malvin) adaları ilə bağlı mövqeyinin yenidən nəzərdən keçirilməsi də var.
Məlumata əsasən, bu ideyalar yüksək vəzifəli əməkdaşlar arasında yayılmış xidməti qeyddə yer alıb. Agentlik sənədin müəllifinin kim olduğu barədə məlumat verməyib. Qeyddə bəzi NATO müttəfiqlərinin ABŞ Hərbi Hava Qüvvələrinə İran kampaniyası çərçivəsində döyüş tapşırıqları yerinə yetirərkən öz ərazilərindəki bazalardan istifadə etməyə icazə verməməsindən narazılıq ifadə olunur.
Mənbənin sözlərinə görə, Pentaqonda müzakirə edilən tədbirlər NATO müttəfiqlərinə aydın siqnal verməyi və “avropalıların imtiyazlılıq hissini zəiflətməyi” hədəfləyir. Bildirilir ki, İrana qarşı müharibəni ən sərt tənqid edən ölkələrdən biri olan İspaniyanın üzvlüyünün dayandırılması ABŞ-ın hərbi əməliyyatlarına məhdud təsir göstərsə də, böyük simvolik effektə malik ola bilər. Bununla belə, ABŞ-ın İspaniyanın üzvlüyünün dayandırılmasına necə nail ola biləcəyi qeyddə açıqlanmır. Agentlik həmçinin qeyd edir ki, NATO daxilində belə bir prosedurun ümumiyyətlə mövcud olub-olmadığını müstəqil şəkildə təsdiqləyə bilməyib.
Digər tədbir kimi ABŞ-ın Avropa ölkələrinin “imperial iddialarına” diplomatik dəstəyini yenidən nəzərdən keçirməsi göstərilir. Xüsusilə, Vaşinqton Folklend (Malvin) adalarının statusu ilə bağlı mövqeyini dəyişə bilər. Hazırda ABŞ bu ərazilərin Böyük Britaniya tərəfindən idarə olunduğunu tanıyır, lakin Argentina da onlara iddia edir. Agentliyin yazdığına görə, Argentinaya ABŞ prezidenti Donald Trampa ideoloji baxımdan yaxın olan prezident Xavyer Miley rəhbərlik edir. Qeyddə həmçinin “problemli” hesab olunan ölkələrin nümayəndələrinin NATO daxilində mühüm və nüfuzlu vəzifələrdən kənarlaşdırılması variantı da qeyd olunur.
Bundan bir gün əvvəl "Politico" nəşri də ABŞ administrasiyasının İrana qarşı müharibədə Vaşinqtonu dəstəkləməkdən imtina edən NATO ölkələrinin “qara siyahısını” hazırladığını və onları cəzalandırmaq yollarını axtardığını yazmışdı. Lakin hansı konkret tədbirlərin görülə biləcəyi açıqlanmayıb.
Qadir, Bizimyol.info






