Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan–Latviya əlaqələri yeni mərhələdə: imzalanan sənədlər nə vəd edir?
Azərbaycan–Latviya əlaqələri yeni mərhələdə: imzalanan sənədlər nə vəd edir?

“İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan ilə Latviya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi və qəbul olunan Birgə Bəyanat iki ölkə arasında münasibətlərin yeni mərhələyə daxil olduğunu təsdiqləyir. Latviya Prezidentinin ölkəmizə səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı maraqların daha sistemli və strateji əsasda uzlaşdırılması istiqamətində irəliyə doğru atılmış addım kimi də dəyərləndirilə bilər”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Elçin Mirzəbəyli danışıb. Deputat qeyd edib ki, Azərbaycan–Latviya münasibətlərini indiyədək əsasən sabit, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan, lakin tam potensialını reallaşdırmamış əməkdaşlıq modeli kimi xarakterizə etmək daha doğru olar.

“Hər iki ölkə müxtəlif beynəlxalq platformalarda, xüsusilə Avropa məkanında siyasi dialoq və qarşılıqlı dəstək mühitində çıxış ediblər. Latviya Avropa İttifaqının üzvü kimi Azərbaycanın Avropa ilə əlaqələrinin genişlənməsində postsovet reallıqlarını yaxşı anlayan bir ölkə kimi önəmli rol oynayır, Azərbaycan isə regionda enerji təhlükəsizliyi və nəqliyyat-logistika imkanları baxımından strateji tərəfdaş kimi çıxış edir”, – deyə deputat vurğulayıb ki, qəbul olunan Birgə Bəyanatın əhəmiyyəti məhz bu münasibətlərin qeyd olunan çərçivədən çıxaraq daha konkret istiqamətlər üzrə dərinləşdirilməsinə yönəlməsindədir. Sənəddə siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, rəqəmsal inkişaf və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsi kimi məsələlərin əks olunması gözlənilən və məntiqli hədəflərdir.

Deputatın fikrincə, bu isə o deməkdir ki, tərəflər münasibətləri yalnız diplomatik səviyyədə deyil, praktiki nəticələr doğuran sahələr üzrə inkişaf etdirmək niyyətindədirlər.

“Xüsusilə iqtisadi əməkdaşlıq kontekstində bu sənədlərin real təsirləri daha aydın görünə bilər. Latviya Baltik regionunun mühüm logistika mərkəzlərindən biri kimi Azərbaycanın Orta Dəhliz strategiyası ilə uyğunlaşan imkanlara malikdir. Bu baxımdan, Azərbaycan ilə Avropa bazarları arasında daşımaların diversifikasiyası və yeni marşrutların formalaşdırılması istiqamətində Latviya ilə əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. Eyni zamanda, Latviyanın liman infrastrukturu və nəqliyyat şəbəkəsi Azərbaycanın tranzit potensialının Avropa istiqamətində daha effektiv istifadəsinə şərait yarada bilər”, – deyə deputat bildirib.

Elçin Mirzəbəyli qeyd edir ki, enerji sahəsində də əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkə kimi öz mövqelərini möhkəmləndirir və Latviya kimi ölkələrlə əməkdaşlıq bu prosesdə həm siyasi, həm də iqtisadi baxımdan əlavə dayaqlar yaradır. Burada əsas məsələ yalnız enerji resurslarının ixracı deyil, həm də yaşıl enerji, alternativ mənbələr və enerji effektivliyi sahələrində təcrübə mübadiləsinin genişləndirilməsidir:

“İmzalanan sənədlər, eyni zamanda Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ikitərəfli münasibətləri dərinləşdirmə strategiyasının tərkib hissəsi kimi dəyərləndirilə bilər. Latviya postsovet məkanını yaxşı tanıyan və regional proseslərə həssas yanaşan ölkə kimi Azərbaycanın mövqelərini daha obyektiv şəkildə anlayan tərəfdaşlardan biridir. Bu isə beynəlxalq platformalarda qarşılıqlı dəstək imkanlarını artırır”.

Deputat bildirib ki, ikitərəfli münasibətlərdə humanitar və mədəni əməkdaşlığın da diqqətdən kənarda qalmaması vacib məqamlardan biridir. Təhsil, elm, turizm və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi xalqlar arasında daha sıx təmasların yaranmasına, qarşılıqlı anlayışın dərinləşməsinə xidmət edəcək. Bu isə uzunmüddətli perspektivdə siyasi və iqtisadi əməkdaşlığın sosial bazasını gücləndirən mühüm faktordur.

“Bütövlükdə, Azərbaycan–Latviya münasibətləri hazırda sabit tərəfdaşlıq səviyyəsindən strateji əməkdaşlığa keçid mərhələsində qiymətləndirilə bilər. İmzalanmış sənədlər və Birgə Bəyanat bu keçidin hüquqi və siyasi əsaslarını formalaşdırır. Əsas məsələ isə bundan sonrakı mərhələdə bu sənədlərdə əks olunan niyyətlərin konkret layihələr və təşəbbüslər vasitəsilə reallaşdırılmasıdır”, – deyən Elçin Mirzəbəyli bildirib ki, əgər bu istiqamətdə ardıcıl siyasət davam etdirilərsə, Azərbaycan ilə Latviya arasında münasibətlər yalnız ikitərəfli çərçivədə deyil, daha geniş regional və beynəlxalq kontekstdə də əhəmiyyətli təsir gücünə malik ola bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »