Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə yeni qanun: 15 yaşdan kiçiklərə sosial şəbəkə qadağası
Türkiyədə yeni qanun: 15 yaşdan kiçiklərə sosial şəbəkə qadağası

Türkiye Büyük Millet Meclisi (TBMM) sosial media və rəqəmsal platformaların fəaliyyətini tənzimləyən geniş dəyişikliklər paketini qəbul edərək qanuniləşdirib.

Bizimyol.info xəbər verir ki, yeni qanuna əsasən, 15 yaşını tamamlamayan uşaqların sosial şəbəkələrə çıxışı qadağan olunur.

Sosial şəbəkə təminatçıları bu tələbin yerinə yetirilməsi üçün yaşın yoxlanılması mexanizmlərini tətbiq etməli və azyaşlıların platformalara daxil olmasının qarşısını almalıdır. 15 yaşdan yuxarı istifadəçilər üçün isə xüsusi qoruyucu xidmət rejimi tətbiq ediləcək.

Qanun sosial media şirkətlərinə bir sıra əlavə öhdəliklər də qoyur. Belə ki, platformalar istifadəçilər üçün aydın və funksional valideyn nəzarəti alətləri təqdim etməli, ödənişli əməliyyatları valideyn razılığına bağlamalı və istifadə müddətinə nəzarət imkanları yaratmalıdır. Eyni zamanda, aldadıcı reklamların qarşısının alınması da bu şirkətlərin məsuliyyətinə daxil edilir.

Türkiyədən gündəlik istifadəçi sayı 10 milyonu keçən sosial şəbəkələr dövlət orqanlarının qərarlarını operativ şəkildə icra etməyə borcludur. Qanuna əməl etməyən platformalara qarşı sərt sanksiyalar nəzərdə tutulur. Bu sanksiyalar arasında reklam qadağası, maliyyə əməliyyatlarının məhdudlaşdırılması və hətta internet bağlantısını mərhələli şəkildə 90 faizə qədər azaldılması kimi tədbirlər yer alır. Bu nəzarət mexanizmləri İnformasiya və Kommunikasiya Texnologiyaları İdarəsinin (Bilgi Teknolojileri ve İletişim Kurumu - BTK) tərəfindən həyata keçiriləcək.

Qanun oyun platformalarını da əhatə edir. Yeni qaydalara əsasən, yaş kateqoriyası müəyyən edilməmiş oyunların yayımlanması qadağan olunur və platformalar bu məzmunu ya təsnifləndirməli, ya da silməlidir. Türkiyədə geniş istifadəçi bazasına malik xarici oyun platformaları ölkədə rəsmi nümayəndə təyin etməli və dövlət qurumları ilə əməkdaşlıq etməlidir.

Qaydalara əməl etməyən oyun platformaları da yüksək məbləğdə cərimələrlə və internet sürətinin məhdudlaşdırılması kimi sanksiyalarla üzləşə bilər.

Qanunun müddəaları dərc edildikdən 6 ay sonra qüvvəyə minəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »