Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Metroda qalan insanlığımız: Bizə doğrudanmı düşmən lazımdır?
Metroda qalan insanlığımız: Bizə doğrudanmı düşmən lazımdır?
Bəzən bir şəhərin əsl simasını görmək üçün hər şeyin qaydasında getdiyi günlərə deyil, sistemin çökdüyü, qatarların dayandığı, yağışın yolları iflic etdiyi anlara baxmaq kifayət edir. Metronun işində yaranan fasilə bizə növbəti dəfə acı bir həqiqəti xatırlatdı. Biz ən çətin anımızda bir-birimizə əl uzatmağı deyil, bir-birimizin çətinliyindən qazanc əldə etməyi seçirik.

Metro qapıları bağlananda, platformada qalan minlərlə insanın tək ümidi yerüstü nəqliyyat və taksilər olur. Amma məhz həmin an "sehrli" bir əl taksi tətbiqlərindəki rəqəmləri iki, üç, bəzən beş dəfə artırır. 5 manatlıq yolun qiyməti bir anda 20 manata qalxır. Sürücü isə pəncərəni aralayıb çarəsizlikdən ona sığınan sərnişinə elə bir qiymət oxuyur ki, sanki qarşısındakı həmvətəni deyil, talan edilməli olan bir "qənimət"dir.

Məşhur bir deyim var: "İnsan insanın qurdudur". Dünyanın fərqli yerlərində belə böhran anlarında insanların bir-birini təmənnasız evinə apardığını, avtobus sürücülərinin qapını hamının üzünə açdığını görürük. Bizdə isə metronun dayanması kimlərsə üçün "göydəndüşmə ruzi" sayılır.

Bəli, deyə bilərsiniz ki, bu, bazar iqtisadiyyatıdır. Tələb artırsa, qiymət də artır. Amma vicdanın bazar iqtisadiyyatı olmur. Fors-major vəziyyətdə insanın çarəsizliyini pula çevirmək iqtisadiyyat deyil, mənəvi aşınmadır. Bir tələbənin, bir fəhlənin, evinə tələsən bir insanın son qəpiyinə göz dikmək hansı milli dəyərimizə sığır?

Biz tez-tez xarici təhdidlərdən, "düşmən" faktorundan danışırıq. Amma bu mənzərəni görəndə adamın ağlına tək bir sual gəlir. Əgər biz ən dar məqamda bir-birimizin cibini boşaltmağa çalışırıqsa, bizə doğrudanmı kənardan düşmən lazımdır? Özümüz özümüzə bu qədər qənim kəsilmişkən, başqa birinə nə ehtiyac var?

Bu hadisədə metro tunellərində qalan sadəcə qatarlar deyil, həm də bizim kollektiv həmrəyliyimiz idi. Taksi sayğacları artdıqca, insanlıq dəyərlərimiz eyni sürətlə aşağı yuvarlanırdı. Unuduruq ki, o bahalı taksilər bizi mənzilimizə çatdırsa da, "insanlıq" adlı o mənzildən bir az da uzaqlaşdırır.

Növbəti qəzaya qədər hər kəs öz yoluna davam edəcək. Amma yaddaşlarda qalan o üçqat qiymətlər deyil, bir-birimizə qarşı göstərdiyimiz bu amansız "fürsətçilik" olacaq.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »