Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Memar Abdul Hüseynov: “BMT-nin Ümumdünya Şəhərsalma Forumu Ağ Şəhərin nümayişi baxımından mühüm fürsətdir”
Memar Abdul Hüseynov: “BMT-nin Ümumdünya Şəhərsalma Forumu Ağ Şəhərin nümayişi baxımından mühüm fürsətdir”

BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) ən nüfuzlu beynəlxalq platformalardan biridir. Bu forum şəhərlərin daha yaşana bilən, ekoloji cəhətdən dayanıqlı və inklüziv inkişafına dair qlobal təcrübələrin bölüşülməsinə imkan yaradır.

Azərbaycan Memarlar İttifaqı yanında Vətəndaş ictimai hərəkatının başçısı, memar Abdul Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, forumun əsas mövzusu şəhərlərin gələcəyi ilə bağlıdır: “Bu region üçün həqiqətən əlamətdar bir hadisədir. World Urban Forum (WUF 13)-ün Bakıda keçirilməsi, COP-dan sonra Bakı şəhərinin qlobal dialoq platforması kimi artan rolunu bir daha vurğulayır. Forumun mövzusu şəhərlərin gələcəyi ilə bağlıdır və bu çərçivədə ağıllı şəhər konsepsiyaları, iqlim dəyişikliklərinə uyğunlaşma və şəhər bərpası məsələləri diqqət mərkəzində olacaq".

Memar deyib ki, Bakı üçün bu forum, xüsusilə, keçmiş sənaye zonalarının, məsələn, " Ağ Şəhərin müasir yaşayış klasterlərinə çevrilməsi kimi layihələrin nümayişi baxımından mühüm fürsətdir".

Abdul Hüseynov daha sonra deyib: "Dünya Şəhərsalma Forumu memarlıq və urbanizm təcrübəsinə əhəmiyyətli təsir göstərən, qlobal şəhərsalma gündəliyinin formalaşdırılmasında aparıcı beynəlxalq platformalardan biridir.

Forum çərçivəsində müzakirə olunan məsələlər - davamlılıq, iqlim dəyişiklikləri və inklüzivlik milli səviyyədə standartların və strategiyaların formalaşmasına, həmçinin tənzimləyici və institusional çərçivələrin yenilənməsinə birbaşa təsir göstərir.

Bu kontekstdə memarların rolu da dəyişir: onlar artıq yalnız forma yaradıcısı deyil, sosial, ekoloji və texnoloji prosesləri birləşdirən strateji funksiyaya çevrilir. Əsas diqqət kontekstə həssas dizayna və mədəni irsin müasir şəhər mühitinə inteqrasiyasına yönəlir”.

Abdul Hüseynov vurğulayıb ki, forum həmçinin ağıllı texnologiyaların tətbiqini təşviq edərək şəhər infrastrukturunun rəqəmsal transformasiyasını sürətləndirir: “Bu prosesdə əlçatanlıq və inklüzivlik əsas prioritetlərdən biri kimi ön plana çıxır. Xüsusilə, gənclərin, əlilliyi olan şəxslərin və başqa həssas qrupların hüquqlarını nəzərə alan təhlükəsiz və əlçatan yaşayış mühitinin yaradılması, “hamı üçün mənzil” prinsipi əsas müzakirə mövzularındandır”.

Abdul Hüseynov əlavə olaraq deyib: “Forum yaxşı təcrübələrin mübadiləsi üçün mühüm platforma rolunu oynayır. Memarlar, şəhərsalma, urbanizm mütəxəssisləri, icra hakimiyyətinin nümayəndələri yaşıl memarlıq, torpaq resurslarının səmərəli istifadəsi və biomaterialların tətbiqi sahəsində bilik və təcrübə paylaşaraq bir araya gəlməlidirlər.

İnkişafın harmonizasiyası haqqında qeyd edə bilərəm ki, forum keyfiyyətli ictimai məkanların yaradılmasının, şəhər hüququnun təmin edilməsinin və tarixi irsin uzunmüddətli planlaşdırmaya düzgün inteqrasiyasının vacibliyini vurğulayır”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »